«Bu xəbər bizi təəccübləndirdi. Yayım firmalarından belə bir məlumat almışıq ki, sizin bank hesablarınıza qoyulan həbs, yəni hər ay məcburi ödəmə sistemi məhkəmə qərarı ilə götürülüb».
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «Azadlıq» radiosuna «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin bank hesablarının açılması barədə məhkəmə qərarlarını şərh edərkən belə deyib. O deyir ki, bu qərar müvəqqəti xarakter daşıyır:
«Bu o deməkdir ki, ödəmənin sadəcə icrası dayandırılıb. Amma bizi cərimələyən məhkəmə qərarı ləğv olunmayıb və hələ də üzərimizdə qalır. İstənilən vaxt deyə bilərlər ki, başlayın ödəməyə».
R.Arifoğlu ödəmənin dayandırılması vaxtının xeyli uzanmasını arzu edir:
«Çox arzu edərdik ki, bu dayardırma xeyli uzansın, 5, 10 il olsun. Bəlkə elə imkanlarımız oldu ki, cərimələri tam ödəyə bildik».
«Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov da hesab edir ki, məhkəmə qərarları cərimələri müvəqqəti dondurub.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, bir sıra dövlət orqanları və fiziki şəxslər məhkəmələrə müraciət edərək onların iddiaları əsasında «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə kəsilmiş cərimələrin ödənilməsinin dayandırılması ilə bağlı qərar çıxarmağı xahiş edib.
Həmin dövlət orqanları və fiziki şəxslərin sözügedən qəzetlərə qarşı bir müddət əvvəl qaldırdıqları iddialar təmin edilmiş, məhkəmələrin qərarları ilə bu nəşrlər müxtəlif məbləğlərdə cərimə olunmuş və bank hesabları dondurulmuşdur.
Həmin dövlət orqanları və fiziki şəxslərin sözügedən qəzetlərə qarşı bir müddət əvvəl qaldırdıqları iddialar təmin edilmiş, məhkəmələrin qərarları ilə bu nəşrlər müxtəlif məbləğlərdə cərimə olunmuş və bank hesabları dondurulmuşdur.