«İnsanların seçkiyə gəlməsi vacibdir»

L.Yunus: «Bilirlər ki, bu seçkilərin heç birində hakimiyyət nümayəndələri qalib gəlməyib»

«Azadlıq» qəzeti yazır ki, prezident seçkilərinə bir həftədən az müddət qalsa da, ölkədə seçki ab-havası hiss olunmur. Əvvəlki seçkilərdən fərqli olaraq, cəmiyyətdə seçkilərə heç bir maraq yoxdur. Beynəlxalq təşkilatlar da artıq ölkədə seçki mühitinin olmadığını dilə gətirir. Qəzet seçki mühiti və ölkədə baş verən digər hadisələrlə bağlı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun fikirlərini öyrənib.

«Bu il bizdə seçkisiz prezident seçkisi olacaq. Ölkə rəhbərliyi vətəndaş cəmiyyətindən də, müxalifətdən də yaxşı bilirdi ki, əhali 1998-ci, 2003-cü, son parlament seçkilərində necə səs verib. Bilirlər ki, bu seçkilərin heç birində hakimiyyət nümayəndələri qalib gəlməyib. Bu səbəbdən də bütün seçkilərin nəticələrini saxtalaşdırmalı olurdular»-, müsahibəsində L.Yunus belə deyib.

«…Problem ondadır ki, camaat seçkiyə gəlməyəcək. Heç kim maraqlı deyil gəlməkdə. İndi insanların gəlməsi problemi yaranıb. Düzdür, bizdə kvorum məsələsi yoxdur. Ancaq nə qədər olmaya insanların seçkilərə gəlməsi vacibdir. Ona görə də başqa qanun pozuntularına əl atırlar. Belə məlumatlar var ki, məktəb müdirləri müəllimlərdən tələb edir ki, onlar qeydiyyatda olduqları dairələrdən çıxarış vərəqi alıb məktəbdə yerləşən məntəqələrdə səs versin. Çünki yaşayış yerindən vətəndaş səsverməyə getməsə, onu heç kim cəzalandırmayacaq. Ancaq iş yerindən getməsə, onu cəzalandıra bilərlər».

«Azərbaycan» qəzeti yazır: «Ölkədə investisiya qoyuluşunun həcminə baxsaq görərik ki, daxili investisiyalar böyük fərqlə xarici investisiyaları üstələyir. Nəyin hesabına? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm iş adamlarına şərait yaradılır»-, prezident İlham Əliyev Biləsuvar rayonunda əhali ilə görüşündə belə deyib.

«Biznesin inkişafı üçün yaxşı imkanlar var və insanlarımızın alıcılıq qabiliyyəti artır. Azərbaycan indi biznes aparmaq üçün bir nömrəli islahatçı dövlətdir. Bunu Dünya Bankı bəyan edib. Yəni bütün bu amillər bizi gücləndirir. Ölkəmiz güclənir, rayonlarda inkişaf gedir, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası demək olar ki, başa çatıbdır. Beş il üçün nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Siz bunu Biləsuvar rayonunun timsalında görürsünüz. Nəinki burada, bütün başqa rayonlarda böyük inkişaf, böyük tərəqqi, böyük irəliləyiş var. İnfrastruktur layihələri icra olunur, sosial məsələlər həll edilir, iş adamları üçün şərait yaradılır»-, deyə dövlət başçısı vurğulayıb.

«Üç nöqtə»: Dünya azərbaycanlılarının kompakt halda yaşadığı ərazilərdə Azərbaycan dilinin tədrisi həyata keçiriləcək. Təhsil naziri Misir Mərdanov belə deyib. «Azərbaycan dilində çap olunan dərsliklərimizi hər il Böyük Britaniya, Amerikanın bir sıra ştatları, MDB və digər ölkələrdə fəaliyyət göstərən «Bazar günü» məktəblərinə göndəririk»-, deyə nazir bildirib.

«Ekspress» yazır ki, Rusiya mediasının iddiasına görə, Bakı və Ankara guya Gürcüstanı muxtar vilayətlərə bölmək istəyir. Qəzet «Kreml nifaq toxumu səpir...» başlıqlı məqaləsində belə yazır. «Kreml Cənubi Qafqazın iki dost xalqı arasında nifaq toxumu səpməklə onları parçalamaq istəyir. Lakin Bakı və Tiflisin Moskvanın bu oyununa uymayacağı şübhəsizdir».