Orduda «dedovşina» problemini necə həll etməli...

«Azərbaycan ordusunda rus ordusunun axmaq ənənələri hələ də davam edir»

«Yeni Müsavat» qəzeti:

Bir neçə gün öncə internet saytlarında gənc əsgərlərin çavuşlar və ya «dembel»lər tərəfindən döyülməsini əks etdirən videogörüntü yayılıb.

Müdafiə Nazirliyi əvvəl bu çəkilişlərin qurulmuş tamaşa olduğunu desə də, sonradan məsələni ciddi şəkildə araşdırmağa başladılar. Çünki bu çəkilişdə əsgərlərin döyülmə səhnələri heç də tamaşaya bənzəmirdi...

Qətiyyən iddia etmək olmaz ki, ordudakı bütün çavuşlar və «dembel»lər gənc əsgərlərə qarşı azğın münasibət sərgiləyirlər. Amma orduda qulluq edənlərin hansı birindən soruşsaq, onlar bu kimi hallarla qarşılaşdıqlarını danmayacaqlar…

Türkiyədə hərbi təhsil almış zabitlərdən biri (məlum səbəblərdən o, adının çəkilməməsi şərtini qoyub - red.) qeyd edir ki, orduda «dedovşina» probleminin yaranmasının başlıca günahkarı ordu rəhbərliyidir:

«Müdafiə Nazirliyi qəti tələb qoysa, cəmi bir neçə aya bu problemi həll etmək mümkündür… Tağım və bölük komandirləri öz işlərini asanlaşdırmaq üçün bir çox işləri çavuşlara tapşırırlar. Çavuşlar da bildiyini edir. Türkiyə ordusunda «dedovşina» problemi ona görə yoxdur ki, orada psixoloji təsirlər vasitəsi ilə əsgərlər arasında həddən artıq mehribançılıq yaradılır. Əsgərlər bir-birilərinə qardaş kimi baxırlar. Zabitlər hansısa neqativ hərəkətlər edib, sonra bunun əsirinə çevrilmirlər, cavabdeh olduqları tağımın hər bir əsgərinin probleminə həssaslıqla yanaşırlar. Azərbaycan ordusunda belə bir ənənə var ki, özündən güclü əsgər və ya çavuş tərəfindən incidilən hərbi qulluqçu bu barədə komandirinə məlumat verə bilmir. Çünki, hətta bəzən komandirlər özləri də onu «işverən», «suka» adlandırırlar. Bu səbəbdən də hansısa əsgər döyüləndə, bu barədə komandirinə şikayət etməyə qorxur. Bəzən əsgərin başını yarırlar, qorxusundan bunu gizlədir. Orduda əsgərlərin bir-birini güllələməsinin əsas səbəbi elə «dedovşina»dır. İncidilən, cana doyan əsgər günlərin birində anlaqsız vəziyyətdə onu döyən əsgəri güllələyir…».


«Azadlıq» qəzeti:

«GEN» MMC şirkətinin aldatdığı vətəndaşlardan üç nəfər infarkt keçirib. Bir nəfər isə dünyasını dəyişib.

Bu barədə «Azadlıq» qəzetinə zərərçəkənlərin hüquqlarını müdafiə edən Vidadi İsgəndərov məlumat verib.

Üstəlik, «GEN» MMC olayı zərərçəkənlərdən bəzilərinin ailəsinin dağılmasına səbəb olub:

«Söhbət ondan gedir ki, bəzi ailələrdə evin xanımı ailə başçısından xəbərsiz pul verib. Bunun üstü açılanda isə narazılıq yaranıb və nəticədə ailə dağılıb. Bu cür hallar bir çox ailələrdə var. Amma indiyə qədər iki ailə dağılıb, 3 ailənin işi isə məhkəmədədir».

Hüquq müdafiəçisi onu da əlavə edib ki, ötən müddət ərzində müxtəlif instansiyalara müraciət edilməsinə, çoxsaylı aksiyaların keçirilməsinə baxmayaraq, hələ də problemin həllində irəliləyiş yoxdur:

«Mən dəfələrlə bildirmişəm ki, zərərçəkənlər artıq radikal aksiyalara əl atmaq barədə düşünürlər. Bir neçə dəfə özüm onları bu yoldan çəkindirmişəm. Amma onların da səbrinin bir həddi var. Bir daha bəyan edirəm ki, sabah baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyət müvafiq orqanların üzərinə düşəcək».


«Azərbaycan» qəzeti:

Paytaxta yeni sərnişin avtobusları gətirilib.

Oktyabrın 10-da prezident İlham Əliyev Azadlıq meydanında yeni avtobuslara baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına əvvəlcə paytaxtda avtobusların yeni marşrut sxemləri barədə məlumat verib. Bildirilib ki, indiyə qədər Bakıya 200 ədəd «Daewoo» markalı, 100 ədəd Çin və ABŞ birgə istehsalı olan avtobuslar, 40 ədəd MAN, 20 ədəd MAZ markalı avtobuslar gətirilib. Bundan əlavə, müxtəlif şirkətlər tərəfindən gətirilmiş 100-dən çox orta tutumlu avtobus sərnişinlərə xidmət edir. Yeni avtobusların marşrutlara buraxılması sərnişinlərə xidmətin səviyyəsini yüksəltməklə yanaşı, şəhərdə tıxacların aradan qaldırılmasına da kömək edir...