Politoloq İ.Məmmədov: «Qərb aciz danışdı»

«Beynəlxalq ictimaiyyət və Azərbaycan böhran içindədir. Amma gələcəkdə güclər nisbətinin dəyişəcəyinə ümid etmək olar»

«Bu dəfə sualı belə qoymaq olmaz: Qərb seçkiyə obyektiv və ya qeyri-obyektiv yanaşdı, bu dəfə Qərb aciz danışdı». «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının qonağı politoloq İlqar Məmmədov Beynəlxalq Seçki Müşahidə Missiyasının hesabatına münasibət bildirərkən belə deyib.

«Acizlik ondan irəli gəlir ki, onların göz yumduğu, yetərincə açıq-aydın dilə gətirmədiyi repressiyalar nəticəsində Azərbaycanda avtoritar rejimə sivil, müasir alternativ yoxdur. Olmayan yerdə kimi və nəyi müdafiə etsinlər?..»
İlqar Məmmədov deyir ki, əslində bütün proseslər bir-birinə bağlıdır: «Beynəlxalq ictimaiyyət və Azərbaycan böhran içindədir. Amma gələcəkdə güclər nisbətinin dəyişəcəyinə ümid etmək olar».

Politoloq ATƏT-in hesabat hazırlama metodologiyasının qüsurlu olduğunu iddia edir:

«Düzdür, sənəd faktlarla zəngindir. Amma keyfiyyətli baxış təklif etmir, quru üslubda yazılmış hesabatdır. Beş illik şəraiti, ab-havanı kənara qoyub üç aylıq dövrə rəy yazmaq qüsurlu yanaşmadır. Bunun da nəticəsi olaraq sənəddə çatışmazlıqlar var».

İ.Məmmədov xatırladır ki, 2003-cü il prezident seçkilərində də ATƏT müşahidəçiləri arasında fikir ayrılığı vardı, missiya üzvlərindən üçü hesabatla razılaşmırdı. Bu dəfə də fikir ayrılıqları üzə çıxdı:

«Bu da metodologiyanın qüsurlu olmasıdır. Amma müsbət haldır ki, nöqsanları hamısını sadalayıblar».

Beynəlxalq Seçki Müşahidə Missiyası prezident seçkisinin gözəçarpan irəliləyişlə keçdiyini, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlib.