Prezident seçkisinə qatılan partiyalar dövlət büdcəsindən maliyyələşəcək. Bunu jurnalistlərlə söhbətində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Səyavuş Novruzov deyib. Onun sözlərinə görə, «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı parlamentə göndərilən təkliflərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi istənilir:
«Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin əsas əlamətlərindən biri onun seçkilərdə iştirak etməsidir».
Səyavuş Novruzov deyir ki, əgər həmin təkliflər parlamentdə qəbul olunsa, onda builki prezident seçkisində iştirak edən partiyalar dövlət büdcəsindən maliyyələşəcəklər.
Seçkidə iştirak etməyən partiyaların dövlət büdcəsindən maliyyələşməsinə gəlincə, S.Novruzov bunda məntiqi əsas görmür.
Oktyabrın 15-də keçirilən prezident seçkisinə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Aydınlar, Lideral Demokrat və Müasir Müsavat partiyaları qatılıb.