Prezidentə təbrik teleqramları üçün pul yığırlar

Teleqramda söz məhdudiyyəti yoxdur

Dinlə

«Prezidentə təbrik teleqramı göndərmək üçün 5 manatdan pul yığır. Çağırdı ki, 5 manat ver. Hamıdan yığa bilmir, çəkinir. Bizdə işçilərin sayı elə də böyük deyil. 50-60 nəfərdi, yarısı stasionarda işləyir, hamıdan istəyə bilməyəcək».
Həmsöhbətim Gəncə sakinidir, yerli səhiyyə müəssisələrinin birində işləyir. Adının çəkilməsini istəməyən müsahibimin ölkənin yeni prezidentinə təbrik teleqramı göndərməyə etirazı yoxdur. Amma deyir, baş həkimdən soruşub ki, teleqram neçəyə başa gəlir ki, hər işçidən 5 manat yığırlar?
«Dedim poema göndərəcəksən? Ya öz adından, ya da xəstəxananın adından göndərəcək. Mənim heç adım da olmayacaq orda. Nəyə lazımdır bu cür kollektivdən pul yığıb təbrik göndərmək?»
Mərkəzi Poçtdan deyirlər ki, ölkədaxili bir teleqram göndərməyin haqqı 1 manatdır. Sözün biri isə 5 qəpik:
«Əgər teleqramın ünvanına çatdığını bilmək istəyirsinizsə, yəni xəbərnaməylə 1 manat 20 qəpikdir».
Teleqramda söz məhdudiyyəti yoxdur. Amma məsələn, Polşa prezidenti Kaçinskinin İlham Əliyevə göndərdiyi təbrik teleqramında 137 söz var. Təxminən bu mətndə və bu həcmdə teleqram 7-8 manata başa gəlir. Əgər müəssisədə işləyənlərin 30 nəfəri 5 manatdan ödəyərsə, 150 manat yığılar ki, bu pula da 3000 sözlük, təxminən 1 metrlik teleqram göndərmək olar.
Gəncə Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev isə «Azadlıq» radiosuna yerli səhiyyə müəssisələrindən kollektiv pul yığılmasıyla bağlı deyilənləri təkzib edir. Bildirir ki, onlar da şəhər Səhiyyə İdarəsinin adından yeni prezidentə təbrik teleqramı göndəriblər, amma bunun üçün işçilərdən pul yığmayıblar:
«Bu, nə bizə, nə də prezidentin adına yaraşar. Onu kim danışır, deyin ölçü götürək, araşdırıb cəzasını verək».
Ancaq ölkə başçısına təbrik teleqramı üçün pul yığılmasıyla bağlı şikayətlər təkcə səhiyyə sahəsini yox, büdcə təşkilatlarının bir neçə sektorunu da əhatə edir.
Hüquqşünas İntiqam Əliyev bunu dövlət idarəçiliyində «siyasi korrupsiya» adlandırır. Onun fikrincə, kollektiv təbrik teleqramları dövlət idarəçiliyində kök atmış pis ənənələrdən doğur:
«Bu cür teleqramların arxasında korrupsiya da durur. Yığılan pulun yarısı teleqrama, yarısı da şəxsi ciblərə gedir. Belə teleqramların göndərilməsi dövlət idarəçiliyində məddahlığın olduğunu göstərir. Bunu asanlıqla aradan qaldırmaq olar. Təbrikin ünvanlandığı şəxs buna son qoya bilər».
Rəsmi qəzetlərdə hələ ki, xarici ölkə başçılarının və diplomatların təbrik məktubları dərc olunur. Ekspertlərsə yeni seçilmiş prezidentin xarici həmkarları tərəfindən təbrik olunmasını siyasi mədəniyyət nümunəsi sayırlar. Amma ölkə daxilində belə təbriklərin təşkilini heç də uğurlu siyasi gediş adlandırmırlar.