Avropa İttifaqı da seçkiyə münasibət bildirdi

Avropa Komissiyasının binası (Berlemon), Brüssel, 22 may 2006

«Bu seçkilər ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ riayət etmir».

Avropa İttifaqının (Aİ) adından Sədrliyin Azərbaycandakı prezident seçkisinə dair bəyannaməsində belə deyilir.

Aİ təkidlə hakimiyyəti demokratik plüralizm və media azadlığı sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət üçün cəhdləri davam etdirməyə çağırır. Qurum Avropanın Qonşuluq Siyasəti çərçivəsində, Azərbaycanın demokratik təsisatlarının inkişafına öz dəstəyini davam etdirmək niyyətini bir daha təsdiq edir.

Aİ seçkilərin daha yaxşı keçirilməsi üçün mövcud cəhdləri, həmçinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Venesiya Komissiyasının təklif etdiyi tövsiyələrin bəzilərini nəzərə alan Seçki Məcəlləsinə dəyişiklikləri qeydə alır.

Bəyannaməyə Aİ-nin üzvlərindən başqa quruma namizəd ölkələr – Xorvatiya, Makedoniya, Stabilizasiya və Assosiasiya Prosesinin ölkələri və potensial namizədlər Albaniya, Bosniya-Herseqovina, Çernoqoriya, Serbiya, və Avropa Sərbəst Mübadilə Assosiasiyasının üzv ölkələri, Avropa İqtisadi Məkanının üzvləri İslandiya və Norveç də qoşulub.