«Sərhədsiz Reportyorlar» qərarı pisləyir

Elza Vidal: «Azadlıq» radiosu, BBC və «Amerikanın səsi» radiosu Azərbaycan xalqını yüksək keyfiyyətli, müstəqil informasiya ilə təmin edir

«Sərhədsiz Reportyorlar» təşkilatı Azərbaycan hökumətini xarici radiolarlın yayımını dayandırmaq planlarına yenidən baxmağa çağırır.

«Xarici radiolar bağlansa, Azərbaycan hökuməti dünyaya göstərəcək ki, onun prioriteti söz azadlığını məhdudlaşdırmaq imiş». «Sərhədsiz Reportyorlar» təşkilatının Avropa və keçmiş sovet ölkələri üzrə kordinatoru Elza Vidal belə deyib:

«Sual olunur, Azərbaycan hökumətinin prioriteti söz azadlığını məhdudlaşdırmaqdırmı? Ölkədə müstəqil və obyektiv informasiya verən beləmi çoxdur? Biz başqa fikirdəyik.

Yayımı dayandırılmaq təhlükəsiylə üzləşən radiolar – «Azadlıq» radiosu, BBC və «Amerikanın səsi» radiosu Azərbaycan xalqını yüksək keyfiyyətli, müstəqil informasiya ilə təmin edir. «Azadlıq» radiosu müxalifətin çıxış etdiyi axırıncı radiolardandır. Əgər hökumət bu radioların yayımını dayandırmaq planını yerinə yetirsə, bizim bu qərarı pisləməkdən başqa yolumuz qalmır».


Amerika Yayım İdarəetmə Şurası da (BBG) Azərbaycan beynəlxalq radioların sərbəst yayımının dayandırılması ilə bağlı məsələyə kəskin etirazını bildirib.


Milli Teleradio Şurası 2009-cu ilin yanvarından xarici radioların ölkə ərazisində sərbəst yayımının dayandırılacağını bildirib.