«Azərbaycan ordusunun menyusu sovetdən qalmadır»

Xəzər dənizində sərhəd qoşunları, 20 sentyabr 2003

Son illər dövlət büdcəsində ən çox vəsait ordu üçün nəzərdə tutulur. Prezident İlham Əliyev ötən ay andiçmə mərasimində dedi ki, son beş ildə büdcədə ordu quruculuğuna ayırmalar öz bəhrəsini verib. İndi Azərbaycanın çox güclü ordusu var və bu proses davam etdiriləcək:

«Xüsusən ordu quruculuğunda böyük uğurlar qazanmaqdayıq. Azərbaycanın 2008- ci ildə dövlət büdcəsində hərbi xərclərə 1 milyard 850 milyon dollar vəsait ayrılmışdı».

Prezident andiçmə mərasimində bir daha bəyan etdi ki, 2009-cu il dövlət büdcəsinin layihəsində orduya ayrılan vəsait daha da artırılacaq.

Dövlət başçısı deyir ki, o, cəbhə xəttində əsgərlərlə görüşəndə də ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu görüb.

«Ordunun Dostları» Klubunun rəhbəri Emin Həsənli də orduya ayrılan vəsaitin Silahlı Qüvvələrin gücünə ciddi təsir etdiyini bildirir. O deyir ki, əsgərlərin geyimi, qidalanması, hərbi texnikanın yaxşı olması məsələləri həll edilib. Hərbçilərə Bakıda və bölgələrdə mənzillər tikilir, hərbi hospitallar təmir edilir və ya yeniləri tikilir, hərbi hissələr təmir edilir, yeni kazarmalar inşa edilir və s. Bu yöndə görülən işlər ordunun gücünü, döyüş hazırlığını artırır.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə deyir ki, artan hərbi büdcə hələlik silah və hərbi texnikanın alınması, eyni zamanda az da olsa hərbi qulluqçuların məvacibinin artırılması və bəzi qoşun növlərində qulluq edən hərbiçilər üçün yeni mənzillərin tikilməsi istiqamətində özünü göstərir. Bunun ordunun gücünə təsir edib-etməməsini bilmək üçünsə diqqət hərbi təlimlərə yönəldilməlidir. Həmin təlimlərə isə medianın girişi çox məhduddur. İctimaiyyət bu prosesdə demək olar ki, iştirak etmir. C.Sümərinli deyir ki, ona görə də birmənalı şəkildə ordunun güclü və ya zəif olduğunu demək çətindir. Ancaq Silahlı Qüvvələrə ayrılan vəsaitlə müqayisədə ordunun vəziyyəti zəifdir.

C.Sümərinli onu da bildirir ki, bir əsgərin qidalanmasına təxminən iki manat pul ayrılır. Azərbaycan Silahlı Qüvvələrinin menyusu əsasən sovet standartlarını özündə əks etdirir. NATO standartlarına keçid hələ ki, menyuya təsir etməyib.

Onun sözlərinə görə, bəzi qoşun hissələrində qida təminatının milliləşdirilməsi meylləri nəzərə çarpsa da, bu, hələ ki, kütləvi xarakter almayıb. Bəzi qida növlərindən hərbçilər imtina edirlər, onların yerinə başqa şey nəzərdə tutulmadığından, bu, əsgərin sağlamlığına təsir edə bilər.

C.Sümərinli deyir ki, sovet standartlarından fərqli olaraq bəzi milli yeməklərin hazırlanması çox çətindir. Milli qidaya keçilməsi həm də peşəkar aşbazlar ordusu yaradılmasını tələb edir. Bu halda onların təlim mərkəzləri yaradılmalıdır. Ordunun güclü olması üçün hansı qida növlərinin gərəkliliyi barədə konsepsiya da hazırlanmalıdır.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü deputat Pənah Hüseyn isə deyir ki, ordu məxfilik tələb edilən sahədir. Ona görə, bu vəsaitin müəyyən bir hissəsinin hara getdiyi barədə məlumat verilməməsi obyektiv səbəb kimi qəbul edilə bilər. Amma bütövlükdə büdcə xərcləri şəffaf deyil və parlamentin nəzarətindən kənardadır. Xüsusilə də müdafiə xərclərinin təyinatı üzrə xərclənməsinə heç bir nəzarət mexanizmi yoxdur.

Pənah Hüseyn müşahidələrinə əsaslanıb deyir ki, ayrılan vəsaitin bir hissəsinin heç də yüksək döyüş qabiliyyətinə malik olmayan köhnə texnikaya sərf edilməsi halları mövcuddur.

Beynəlxalq Böhran Qrupu ötən həftəki hesabatında deyirdi ki, Azərbaycan ordusunda korrupsiyanı azaltmaq, idarəetməni yaxşılaşdırmaq lazımdır.