İlham Əliyev inamlı danışdı

İlham Əliyev Ankarada türkiyəli həmkarı Abdullah Güllə birlikdə, 5 noyabr 2008

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskva bəyannaməsi Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yaxşı zəmin yaradır. Türkiyə KİV-lərinin yaydığı məlumata görə, noyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev Ankarada türkiyəli həmkarı Abdullah Güllə danışıqları başa çatdıqdan sonra belə deyib.

İ.Əliyev deyib ki, bəyannamə münaqişənin mərhələlərlə həlli üçün yeni imkanlar açır. Onun fikrincə, sənəddə münaqişənin beynəlxalq hüquq çərçivəsində və mühüm beynəlxalq qurumların əvvəllər qəbul edilmiş qərarları əsasında həlli öz əksini tapıb.

Prezident izah edib ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğal edilmiş torpaqların azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması zərurətindən gedir.

Bu zaman cənab Əliyev diqqəti regionda yaranmış yeni geosiyasi vəziyyətə çəkib. Onun fikrincə, Türkiyənin təşəbbüsləri, Rusiyanın fəallığı, ABŞ və Avropa İttifaqınn müsbət səyləri Qarabağ münaqişəsinin həlli üçün əlverişli şərait yaradır. / Turan /