Dövlət Departamenti radiolara olan təhlükədən narahatdır

Robert Vud

Amerika Birləşmiş Ştatları Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının ölkədəki yayımını dayandırmaq niyyəti haqda xəbərlərindən dərin narahatlığını bildirir.

Dövlət Departamentinin sözçüsü Robert Vudun noyabrın 6-da yaydığı bəyanatda bu narahatlıq ifadə olunur.

Bəyanatda deyilir ki, MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli oktyabrın 31-də bəyan edib ki, xarici radioların milli tezliklərdə yayımı yeni ildən dayandırıla bilər:

«Ancaq bununla bağlı nə yayımçıların özləri, nə də ki, Amerikanın beynəlxalq yayımlarına nəzarət edən Yayım Şurası ilə əvvəlcədən məsləhətləşmələr aparılmayıb».

Amerika Birləşmiş Ştatları inanır ki, «Azadlıq», «Amerikanın səsi» və BBC radioları Azərbaycanın demokratik inkişafına və ictimai debatların təşkilinə töhfə verirlər:

«Bu cür yayımların dayandırılması təşviş doğuran mesaj olardı. Biz Azərbaycan hökumətindən məsələyə aydınlıq gətirməsini istəyirik».