Prezidentlik müddəti niyə uzadılmalıdır?

YAP rəsmiləri deyirlər ki, prezidentlik müddətinin uzadılması məsələsi hakim partiyada müzakirə olunmur

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov prezidentlik müddətinin artırılması təşəbbüsü ilə çıxış edib. YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə bildirir ki, İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi barədə deyilənlər partiya üzvlərindən birinin şəxsi fikridir və ona hörmətlə yanaşırlar. Onun sözlərinə görə, bunun üçün Konstitusiyaya hər hansı dəyişikliklər edilməsi məsələsi partiyada müzakirə olunmur. Bununla yanaşı cənab Paşayev nə vaxtsa YAP-da belə bir müzakirənin ola biləcəyini də istisna etmir.

Onu da deyim ki, bəzi incəsənət adamları nəzərə alınmasa, siyasi müstəvidə prezidentlik müddətinin uzadılması fikri ilk dəfə səsləndirən iqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı olub. O, «Azadlıq» radiosuna bu barədə danışarkən Azərbaycanın indiki dönəmində konstitusiyaya belə bir dəyişikliyin məqsədəuyğun olduğunu da demişdi.

AVP sədrinin müavini, deputat Zahid Oruc isə bu məsələyə müsbət yanaşmayanlarla razılaşmır. O, deyir ki, Azərbaycanın maraqlarına xidmət edən təkliflər süngü ilə qarşılanmamalıdır:

«Bu fikri səsləndirən millət vəkilləri Siyavuş Novruzov da, Eldar İbrahimov da Azərbaycan dövlətini və xalqını istəyən adamlardır. Ona görə də onların təkliflərinin müzakirəsinə ehtiyac var».

2008-ci il prezident seçkilərində namizəd kimi iştirak etmiş Müasir Müsavat partiyası sədri Hafiz Hacıyev də mediaya açıqlamasında İlham Əliyevi 10-15 il müddətinə dövlət başçısı kimi görmək istəyənlər sırasında olduğunu deyir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu isə hesab edir ki, bu Azərbaycanda antidemokratik ənənələrin genişlənməsinə gətirib çıxaracaq:

«Bir prezidentin öz proqramını həyata keçirməsi üçün 5 il müddət və 2 dəfə seçilməsi kifayətdir. Əgər müddət uzadılar və ya seçilmə 3 dəfə, ömürlük artırılacaqsa bu o deməkdir ki, Azərbaycanda demokratik yoldan artıq imtina başlayır».

Deputat Pənah Hüseyn isə deyir ki, bu fikir ilk dəfə deyil səslənir. Əslində bu məsələnin 2013-cü il ərəfəsində yox indi qaldırılması ola bilsin gündəmi doldurmaq istəyindən irəli gəlir. Amma Azərbaycan kimi demokratik ənənələrin möhkəmlənmədiyi cəmiyyətlərdə avtoritar rejimlərin yaranması təhlükəsi ciddidir.

Məsələnin hüquqi tərəfini isə hüquqşünas Erkin Qədirli izah edir. O, deyir ki, parlament respublikalarında belə bir istəyin reallaşması mümkündür. Çünki belə dövlətlərdə icra hakimiyyəti kollektivdir. Hökumət parlament seçkiləri nəticəsində formalaşır. Prezident respublikalarında isə prezident hansısa partiyanı deyil, daha çox xalqı təmsil etdiyi və icra hakimiyyəti təkbaşına olduğu üçün belə məhdudiyyət olmalıdır:

«Əgər prezidentin müddətini uzatmaq istəyirlərsə, buyurub konstitusiyada daha köklü dəyişikliklər etsinlər və Azərbaycan parlament respublikası olsun».

Deputat Pənah Hüseyn isə deyir ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün yox, hakimiyyətdə olanlar üçün aktualdır. Yəni hakimiyyətdə olanlara İlham Əliyev lazımdır. Çünki hakimiyyətin məsuliyyəti məsələsi həmişə var. Əgər iqtidarın ömrü limitsiz uzadılırsa bu onları vəzifədə saxlamaqla yanaşı həmin məsuliyyəti də aradan qaldırar.