Norveç Azərbaycanda xarici radioların aqibətindən narahatdır

Norveç Xarici İşlər Nazirliyinin binası

Norveç Xarici İşlər Nazirliyi BBC, Azad Avropa/Azadlıq Radiosu və «Amerikanın Səsi» radiolarının sərbəst yayımının dayandırılması haqda Azərbaycan Milli Teleradio Şurasının bəyanatlarından doğan narahatlığa şərik çıxdığını bəyan edib. Bəyanatda deyilir ki, belə bir qərar Azərbaycanda plüralistik medianın inkişafına xeyr gətirməyən, əksinə ona zidd bir addım olardı.

Bəyanatda bildirilir ki, Norveç özünün Azərbaycanla olan münasibətlərində demokratiyanın, hüquqi dövlətin və insan haqlarının inkişafına təsir edən məsələlərə böyük əhəmiyyət verir.

Azad və müstəqil mətbuat, o cümlədən beynəlxalq xəbər mənbələrindən sərbəst şəkildə istifadə etmək imkanları da bu məsələlərin vacib hissəsidir. «Buna görə biz Azərbaycan Milli Teleradio Şurasının mövqeyindən təəssüfləndiyimizi bildirir və bu məsələni Azərbaycan hökuməti ilə görüşlərdə müzakirə edəcəyik» – deyə Norveç Krallığının Xarici İşlər Nazirliyi bəyan edib.