«NATO Azərbaycan tərəfdən yardımın genişləndirilməsində maraqlıdır»

NATO Azərbaycanın Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibindəki hərbi kontingentinin sayının iki dəfə artırılması haqda qərarını alqışlayır. Bu barədə «Turan»a NATO-nun mətbuat ofisinin nümayəndəsi Toni Uayt bildirib. Onun sözlərinə görə, Alyans gələcəkdə Azərbaycan tərəfdən yardımın genişləndirilməsində maraqlıdır:
«Rübdə bir dəfə NATO-nun bütün üzvləri və partnyorları, o cümlədən Azərbaycan nümayəndələri Əfqanıstanda hərbi missiyaya yardımın artırılması imkanlarını müzakirə etmək üçün toplaşır. Biz vəzifələrimizin yerinə yetirilməsinə şərait yaradacaq hər bir vertolyota, yük maşını və digər yardıma görə sevinərik».
NATO təmsilçisi deyir ki, Alyans üçün Əfqanıstanda müxtəlif ölkələrin hərbçilərinin iştirakı çox vacibdir:
«Azərbaycan patrulunun Amerika patrulu ilə birgə iştirakı mücahidlərin axtarışı və ya digər mühüm informasiyanın əldə olunması üzrə işi sadələşdirir».
Toni Uaytın sözlərinə görə, Azərbaycanın Əfqanıstan kampaniyasına töhfəsinin artırılması haqda bu ilin dekabrında NATO-nun Buxarestdə keçiriləcək sammitində xahiş ediləcək.
Bu il oktyabrın 2-də Azərbaycan parlamenti ölkənin Əfqanıstandakı hərbi kontingentinin sayının 45 nəfərdən 90 nəfərə qədər artırılması haqda qərar qəbul edib. 2007-ci ilin sentyabrında Azərbaycan bu ölkədəki kontingentini 22 hərbçidən 45 hərbçiyə qədər artırıb.