Azərbaycan Avropa Birliyinə inteqrasiyada gecikir

Avropa Birliyi yeni layihəyə başlayır - Şərq Əməkdaşlığı layihəsi

Brüsselin mərkəzinə, qonşudakı Avropa Birliyinə (AB) getmək üçün Azərbaycan hökuməti gərək relsləri yoluna özü düzsün. Avropa Birliyi özü də etiraf edir ki, qonşularına ona çatmaq üçün şərait yaradır, amma başqasının əvəzindən iş görə bilməz. Artıq Azərbaycanın AB ilə Qonşuluq Siyasətini imzalamasından iki il keçir. Bu layihəni Azərbaycanla bir yerdə Gürcüstan və Ermənistan da imzalamışdı.

Rusiyanın Gürcüstana müdaxiləsindən sonra regionun siyasi əhəmiyyəti xüsusilə artdı. Münaqişənin nizamlanmasında Avropa Birliyi mühüm rol oynayır. Üstəlik, Bakıdakı bir çox yerli ekspertlərin fikrincə, regionun bir dövləti - Gürcüstanın Qərbə inteqrasiyası daha sürətlidir. Avropa Birliyindəki mənbələr də deyirlər ki, Şərq Tərəfdaşlığı Layihəsini sürətləndirən əsas səbəb Rusiyanın Gürcüstana müdaxiləsi oldu.

Avropa Birliyinin xarici siyasət rəsmisi Kristina Qallax deyir ki, baxmayaraq ki, üç Qafqaz ölkəsi qurumun Qonşuluq Siyasəti Proqramında birləşir, ancaq AB qonşularına fərdi yanaşır.

Gürcüstanla Ermənistan artıq Avropa Birliyi ilə azad ticarət zonasına daxil olmaq barədə müraciət ediblər. Azərbaycan bu sahədə qonşularından geri qalıb və Dünya Ticarət Təşkilatının üzvü deyil. Bundan başqa, Brüsseldəki mənbənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, artıq rəsmi Yerevan Avropa Birliyinə müraciət edib ki, hökumətin idarə olunmasını yaxşılaşdırmaq üçün Ermənistana ekspert göndərsin. Brüssel isə bu addımı yüksək qiymətləndirir. Demokratik islahatlara gəlincə, 2007-ci ildə Qonşuluq Siyasəti Proqramının necə yetirilməsi barədə hesabatda Azərbaycan insan haqları, söz azadlığı baxımından qonşularına nəzərən daha çox tənqid olunur.

Avropa Birliyinin xarici əlaqələr komissarı Haviyer Solananın sözçüsü Kristina Qallax «Azadlıq» radiosuna müsahibəsində Azərbaycandakı demokratik vəziyyəti belə qiymətləndirir:

«Bilirik ki, Azərbaycan demokratiya, söz azadlığı ilə bağlı çox iş görməlidir. Medianın azad fəaliyyətinə imkan verilmədiyini eşidəndə biz çox narahat oluruq. Amma indiki halda biz hesab etmirik ki, sanksiya tipli təzyiqlər gündəlikdədir».

Avropa Siyasət Mərkəzinin təhlilçisi Antonio Missiroli isə deyir ki, Avropa Birliyinin Azərbaycanla bağlı əsas marağı «Nabucco» layihəsinin reallaşması olardı. Çünki bu layihə Orta Asiya qazını Azərbaycandan da keçməklə Avropaya daşımaq üçün nəzərdə tutulur. Amma Missiroli deyir ki, «Nabucco» hələlik gecikir, ehtimal var ki, Gürcüstandakı hadisələrdən sonra layihə ilə bağlı da vəziyyət dəyişib:

«Regiondakı ölkələr və şirkətlər çalışacaqlar ki, Rusiyanı da yanlarına alsınlar. «Nabucco»da birbaşa iştirak olmasa belə, ən azı Rusiyanı hansısa formada bu layihəyə bağlamağa və daha az Moskva əleyhinə etməyə çalışacaqlar».

Amma Avropa Birliyinin rəsmiləri bütün hallarda bəyan edirlər ki, onlar «Nabucco»nun reallaşmasını istəyirlər. Bu layihə reallaşsa, Azərbaycan öz neft və qazı başa çatandan sonra belə regionda tranzit əhəmiyyətini saxlayacaq, bu isə ölkənin təhlükəsizliyinə daha çox təminat deməkdir.

Avropa Birliyi isə qonşularının Brüsselə gəlib-getməsini sürətləndirmək üçün yeni layihəyə başlayır - Şərq Əməkdaşlığı layihəsi. Bu layihə yeni imkanlar açır. Demokratik islahatlar, viza rejiminin sadələşdirilməsi, azad ticarət zonasına qəbul və s. Bütün bunlardan faydalanmaq Avropaya gedib çıxmaq isə Azərbaycan hökumətinin özündən asılı olacaq.