Qalaktika boyda fırıldaq…

«2007-ci ilin noyabr ayından 2008-ci ilin oktyabr ayınadək Sevda Xəlilova Musa Xəlilov və Nurlana adlı şəxslərlə birlikdə 23 vətəndaşdan işə düzəltmək adı altında külli miqdarda pul alıb»

Xeyriyyəçilik dedikdə, bizdə mərhəmət, şəfqət, köməyə ehtiyacı olan insanlara təmənnasız yardım anlayışları formalaşır.
Bu sözlər «Qalaktika Kosmos» adlı bir şirkətin veb səhifəsində özü haqqında verdiyi məlumatdandır.
Elə həmin şirkətin keçmiş işçiləri də qurumun prezidenti Sevda Xəlilovaya verdikləri külli miqdarda pulun mənimsənildiyini deyirlər.
İnternet səhifəsində o da deyilir ki, şirkət ehtiyacı olanların ünvanına birbaşa yardım göndərən BMT-nin Azərbaycandakı humanitar şirkət nümayəndəliyi ilə sıx əməkdaşlıq edir.
Elə aldananların da bəziləri BMT yardımının paylaşdırılmasında iştirak edəcəyini, digərləri isə, Almaniya hökumətinin Azərbaycana etdiyi yardımların məhz onların əlindən keçəcəyi barədə söhbətlərə aldanıb.
Beləliklə, vətəndaşların sözlərinə görə, Sevda Xəlilova xeyriyyə cəmiyyəti yaratmaq adı altında təxminən 300 nəfərdən külli miqdarda pul toplayıb. Həm Bakıda, həm də regionlarda filialları olan, belə demək mümkünsə xeyriyyə cəmiyyəti bir ilə yaxın işləyib. İlk üç ayda pul verib, işə düzələnlərə yüksək məvacib də verilib. Sonradan Sevda Xəlilova işçilərə maliyyə problemi ilə bağlı maaş verilməsinin yubandığını deyib. Altı ay sonra isə özü və şirkətdə onunla bərabər çalışanlar yoxa çıxıb. «Qalaktika Kosmos»un xeyriyyəçilik üçün ruşvətlə işə düzələn keçmiş işçiləri isə qalıb poils idarələrinin qapısında:
- Səhər saat 10-dan axşam saat 8-ə kimi otururuq Yasamal rayon polisində. Deyirlər ki, gedin adamı tapın gətirin. Əgər biz bu adamı tapacağıqsa, dövlətə niyə şikayət edirik? Bizə konkret heç nə demirlər. Bir dəfə deyiblər ki, 50 faiz ümid var ki, pulunuzu qaytaracağıq.
Şikayətçilər deyirlər ki, Sevda Xəlilova ilə Anar adlı şəxsin vasitəsilə tanış olublar. Polisə dəfələrlə Anarın yerini xəbər versələr də, polis Anarı saxlamır:
- Faktiki bu məsələyə heç kim baxmır. Şikayətlərimizə cavab verən yoxdur. Hara gedirik Sevda Xəllilovanın adı gələn kimi deyirlər ki, yox, biz bu məsələyə qarışa bilmərik.
«Qalaktika Kosmos»un keçmiş işçilərinin sözlərinə görə, Sevda Xəlilovaya 2 min dollardan 160 min dollara qədər pul verilib. Onun vətəndaşlardan topladığı ümumi məbləğ təxminən 2 milyon manata yaxındır. Qazanmaq eşqi ilə Sevda Xəlilovaya pul verənlərin bir neçəsi isə rüşvət üçün bankdan kredit də götürüb:
- Burada işləyənlərin 85 faizi o pulu bankdan götürüb. Hamımız evimizi girov qoymuşuq. İndi bank gəlib məhkəmə yolu ilə evimizi müsadirə edir.
İstefada olan polis zabiti Mahmud Hacıyev deyir ki, bu, açıq-aşkar dələduzluqdur. Onun sözlərinə görə, qanun Sevda Xəlilovanın tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir:
- Bu əməldə dələduzluq cinayətinin tərkibi var. Məsələnin araşdırılması birbaşa polisin səlahiyyətindədir. Polis mütləq qaydada şikayətləri qəbul edib araşdırma aparmalıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirir ki, polis faktla bağlı araşdırmalar aparır. E.Zahidov da araşdırmalar zamanı Sevda Xəlilovanın dələduzluq yolu ilə Azərbaycan vətəndaşlarından 2 mindən 160 minə qədər pul topladığının müəyyən edildiyini deyir:
- 2007-ci ilin noyabr ayından 2008-ci ilin oktyabr ayınadək Sevda Xəlilova Musa Xəlilov və Nurlana adlı şəxslərlə birlikdə 23 vətəndaşdan işə düzəltmək adı altında külli miqdarda pul alıb. Dələduzluq edənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib. Onların axtarışı davam etdirilir.
Ehsan Zahidovun sözlərinə görə, ortada dəqiqləşdirilmiş faktlar olsa da, hələlik faktla bağlı cinayət işi qaldırılmayıb. Bu, işin gedişindən asılı olacaq.