Sutkada 14 mindən çox insan AIDS-ə yoluxur

Dekabrın 1-i Dünyada AIDS-lə Beynəlxalq mübarizə günüdür

Dekabrın 1-i Dünyada AIDS-lə Beynəlxalq mübarizə günüdür. Yalnız bir il ərzində bütün dünyada 5 milyon, başqa sözlə sutkada 14 mindən çox insan AIDS-ə yoluxub, 30 milyon insan isə bu xəstəlikdən vəfat edib.
«AIDS hələ də dünyada ölümün on əsas səbəblərindən biri, Afrikada isə birinci məhvedici xəstəlikdir»-, BMT Baş Katibi Ban Ki Munun AIDS-lə mübarizə günü münasibəti ilə müraciətində belə deyilir.

AIDS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, bu ilin 11 ayı ərzində Azərbaycanda 400-ə yaxın yeni HİV-ə yoluxma faktı aşkarlanıb.

Onlardan 383 nəfəri Azərbaycan, 9 nəfəri əcnəbi vətəndaşdır. Həmin şəxslərin 308-i kişi, 75-i qadındır. İl ərzində AIDS-dən vəfat edənlərin sayı isə 39 nəfər olub.

Bu virusa yoluxma ehtimalı daha çox olan risk qrupu isə dəyişməz qalır: fahişələr və narkomanlar.