Hindistanın Daxili işlər naziri istefa verib

Hindistanın istefa vermiş Daxili işlər naziri Şivray Patil

Hindistanın Daxili işlər naziri Şivray Patil istefa verib. Nazir deyib ki, Mumbay şəhərində törədilmiş terror hücumları, insanların qətlinə görə mənəvi məsuliyyət daşıyır.
Hakim dairələrin gəldiyi nəticəyə görə terror hücumlarında 10 yaraqlı iştirak edib. Təxminən 60 saat davam etmiş qarşıdurmadan sonra yaraqlılardan 9-u öldürülüb, biri isə tutulub.

Son məlumata görə, bu terror hücumları nəticəsində 174 adam ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb.

Hindistanın hakim dairələri deyir ki, bu hücumun arxasında Pakistandakı ekstremist qruplar dayana bilər. Pakistan rəsmiləri bunu rədd edirlər.