«Quş qipi»nə yoluxan 15 yaşlı qızın müalicəsi davam edir

Ölkədə vəziyyət hələlik stabildir

Səhiyyə Nazirliyindən verilən məlumata görə, "quş qripi"nə yoluxmuş bir nəfərin müalicəsi davam edir. Onun H5N1 virusuna yoluxması London laboratoriyasının analizləri ilə təsdiqlənib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, o, hazırda həkim nəzarətindədir: «15 yaşlı qızın vəziyyəti stabildir. Salyan rayonundan olan 10 yaşlı oğlan isə artıq evə buraxılıb».

Səmayə Məmmədova deyir ki, kəskin respirator qrip virusu ilə şəhər xəstəxanalarına müraciət edənlərdən yoxlanılmaq üçün analizlər götürülür.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyasının sözçüsü Kristiana Salvi isə deyir ki, Azərbaycanda 5 nəfərin "quş qripi"ndən vəfat etməsi onları narahat edir, ancaq indiki vəziyyət stabildir: «Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları daha bir həftə də Azərbaycanda olacaqlar. Vəziyyət stabildir. Hazırda yeni hallar qeydə alınmayıb. Ancaq hər ehtimala qarşı buradayıq ki, görək, vəziyyət necə olacaq».


Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev isə Azərbaycana gələn turistlərin sayının 3-4 faiz aşağı düşdüyünü bildirib. Nazir buna "quş qripi"nin səbəb olduğunu istisna etmir.


"Quş qripi"nə qarşı dövlət komissiyasının məlumatında isə deyilir ki, hazırda Abşeron yarımadasında dəniz sahili boyunca ərazilərdə dezinfeksiya işləri davam etdirilir. Köçəri quşlar artıq ölkəni tərk etməyə başladıqlarından, quşların qırılması da azalır.