Azərbaycan hökumətinin xarici radiostansiyaların yerli tezlikdə yayımını dayandırması qərarı ölkənin azadlıq sahəsində onsuz da yaxşı olmayan nüfuzuna növbəti zərbə vuracaq.
«Freedom House»un təşkilatının bəyanatında belə deyilir. Qurum bildirir ki, yanvarın 1-nə gözlənilən bu addım Azərbaycan vətəndaşlarının əksəriyyətini «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarını dinləmək imkanından məhrum edəcək.
Milli Televiziya və Radio Şurası bəyan edib ki, gələn ildən ölkədə fəaliyyət göstərən xarici radiostansiyaların sərbəst tezlikdə yayımı dayandırılacaq. «Freedom House» Mətbuat Azadlığına dair illik hesabatında deyir ki, bu cəhd, tənqidçiləri susdurmaq üçün davamlı kampaniyadır. Azərbaycanda jurnalistlər müntəzəm olaraq həbsə atılır, onlara hücum edilir, cinayət işləri açılır. Jurnalistlərə qarşı cinayətlər də baş verir, bura cəzalandırılmamış qətllər də daxildir. Oktyabr prezident seçkisi ərəfəsində Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı reqressiv tədbirləri daha da gücləndirdi.
«Freedom House»un icraçı direktoru Cenifer Uinsdor deyib ki, son 5 ildə qurum Azərbaycanda mətbuat azadlığı sahəsində həyəcan doğuran geriləmə qeydə alıb, baxmayaraq ki, hökumət özünü dünyada ən azad ölkələrdən biri hesab edir. O bildirib ki, Milli Televiziya və Radio Şurasının belə bir təkliflə çıxış eləməsi Azərbaycanı beynəlxalq ictimaiyyətdən daha da uzaqlaşdırır.
«Freedom House»un bəyanatında bildirilir ki, ölkənin zəngin neft və qaz ehtiyatları prezident İlham Əliyevə hökuməti öz əlində cəmləşdirmə və hər hansı tənqidi səsi boğma imkanı verir. Onun ölkəsi keçmiş Sovet məkanının neftli-avtoritar rejimləri sırasındadır və bu ölkələr neft və qaz ehtiyatlarından istifadə edərək demokratiyanı boğmaları ilə tanınırlar.
«Freedom House»un araşdırmaları göstərib ki, ölkənin enerji sənayesi gəlirləri dövlət xəzinəsinə daxil olduqca korrupsiya da artır. Mətbuatın nəzarətdə saxlandığı və vətəndaşlarının dövlət ehtiyatlarının istifadəsi və idarə olunmasını müzakirə edə bilmədiyi cəmiyyətdə korrupsiya daha da çiçəklənir.
«Azadlıq», «Amerikanın səsi» və BBC radioslarının yayımının məhdudlaşdırılması etibarlı, müstəqil informasiya sarıdan əziyyət çəkən mühit üçün geriyə nəhəng bir addım olar. Bunu isə «Freedonm House»un tədqiqat direktoru Kristoefr Volker deyib. Ölkədə qeyri-şəffaf, nəzarətsiz idarəçiliyə görə, korrupsiya daha da dərinləşəcək, bundan dad aha çox Azərbaycan cəmiyyəti əziyyət çəkəcək.
«Freedom House»un 2008-ci il qiymətləndirməsində Azərbaycan Qeyri-Azad ölkə kateqoriyasına daxil edilib. Bu qiymətləndirmə siyasi haqlar, mülki azadlıqların vəziyyətinə görə aparılıb.
«Freedom House» dünyada azadlığın genişlənməsi üçün çalışan müstəqil qeyri hökumət təşkilatıdır və 1990-cı ildən Azərbaycanda siyasi haqlar və vətəndaş azadlığının monitorinqini aparır.