Cümhuriyyət parlamentinin yaranmasından 90 il keçir

Azərbaycan Xalq Cümhuriyyəti banilərinin şərəfinə Bakıda ucaldılmış abidə

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasından 90 il keçir. 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) parlamentin təntənəli açılışı oldu.
Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

«Müsavat» fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Yeni hökumətin təşkili isə yenidən Fətəlixan Xoyskiyə tapşırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilib ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olub.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.