Metyu Brayza: «Nabucco» reallaşacaq

«Nabucco» layihəsini gözdən salmaq və ya ona alternativlər yaratmaq iflasa məhkumdur. ABŞ Dövlət katibinin köməkçisi Metyu Brayza «Turan»a eksklüziv müsahibəsində belə söyləyib. Onun sözlərinə görə, müəyyən qüvvələrin layihənin reallaşmasının qarşısını almaq səyləri aşkardır, amma belə cəhdlər sağlam məntiqə və bir çox ölkələrin maraqlarına ziddir.
Hər şeydən öncə, bunun Avropada istehlakçı ölkələrin əleyhinə olduğunu deyən diplomat, bu ölkələrin öz maraqlarını fəal müdafiə etməli olduqlarını bildirib. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin şəxsində bu qazı nəql edən dövlətlərə gəlincə, M.Brayza bu ölkələrin öz maraqlarını çox gözəl anladıqlarına və onların müstəqilliyi və maddi rifahı üçün bu layihənin əhəmiyyətini dərk etdiklərinə əmin olduğunu vurğulayıb:
«Mən əminəm ki, hər hansı xarici təzyiq bu ölkələri «Nabucco»dan imtinaya məcbur edə bilməz».