«Korrupsiya cinayətlərinə dövlətin münasibəti fərqlidir»

«Korrupsiyanı komissiyalarla, komitələrlə ləğv etmək mümkün deyil»

Bir neçə ildir beynəlxalq qurumların hesabatlarında Azərbaycan korrupsiya reytinqinə görə, dünya ölkələri sırasında öncül yerləri tutur. Rəsmilər isə ölkədə korrupsiya ilə ciddi mübarizə aparıldığını deyirlər. Rəsmilər «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun qəbul edildiyini, həm Prezident Aparatı, həm də Baş prokuror yanında korrupsiya ilə mübarizə komissiyası və idarəsinin yaradıldığını dediklərinə sübut kimi göstərirlər. Ekspertlər isə düşünür ki, korrupsiya ilə komissiyalar səviyyəsində mübarizə aparmaq mümkün deyil.

Korrupsiya ilə bağlı araşdırmalar aparan jurnalist Natiq Güləhmədoğlu deyir ki, korrupsiya cinayətlərinə dövlətin münasibəti fərqlidir. Onun sözlərinə görə, bir çox hallarda dövlət korrupsiya faktlarından siyasi rəqiblərinə qarşı yararlanır. Gerçək korrupsiya faktları isə cəmiyyətdən bir qayda olaraq gizli saxlanır:

«7-8 ay öncə Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri 150 min dollar dövlət vəsaitini mənimsədiyinə görə, həbs edilmişdi. Bu zaman dövlətin yanaşmasının bariz nümunəsini gördük. Həmin insan şərti olaraq cəzalandırıldı və məhkəmə salonundan azadlığa buraxıldı. Baxmayaraq ki, ona 4 il cəza istənilmişdi. Jurnalist Müşfiq Hüseynovla bağlı prokurorluğun apardığı cinayət işində göstərilirdi ki, o, 3 min dollar rüşvət alarkən yaxalanıb. Buna görə, onu 5 il müddətinə azadlıqdan məhrum etdilər. Dövlət orqanında çalışıb, dövlətin 150 min dollarını mənimsəyəni isə azadlığa buraxırlar».

Jurnalistin sözlərinə görə, korrupsiya ilə mübarizə haqqında qanun dövlət qurumlarından ictimaiyyətin sorğularına dəqiq cavab verməyi tələb etsə də, heç bir dövlət orqanı qanunun bu tələbinə əməl etmir. Buna görə də ölkədə korrupsiya cinayətinə görə, nə qədər insanın cəzalandırıldığını müəyyən etmək mümkün deyir. Bununla bağlı dövlət orqanlarına göndərilən sorğulara belə cavab verilir ki, informasiyalar rəsmi internet səhifələrində yerləşdirilir. İnternet səhifələrindəki xəbərlər isə ən azı bir il öncə belə demək mümkünsə, yenilənib. Natiq Güləhmədoğlu deyir ki, Təhsil Nazirliyində, Bakı Dövlət Universitetində, Ali Attestasiya Komissiyasında izinə düşdüyü korrupsiya faktları ilə bağlı bu qurumlara dəfələrlə müraciət etsə də, onlardan heç bir rəsmi cavab almayıb.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, Azərbaycanın korrupsiya reytinqinə görə, dünya dövlətləri sırasında öncül yerdə olması korrupsiya ilə mübarizənin yeni mexanizmlərini tapmağın gərəkliyini tələb edir. Onun fikrincə, ən əsası isə mübarizə tədbirlərinin kampaniya xarakteri daşımaması, ardıcıl olmasıdır. Ə.Nuriyev vətəndaş cəmiyyətinin bu prosesə cəlb edilməsini də vacib sayır:

«Korrupsiyanın səviyyəsində önəmli dəyişikliklərə nail olmaq üçün illər gərəkdir. Tez bir zamanda böyük nəticələrin əldə edilməsi mümkün deyil. Korrupsiyaya qarşı mübarizədə ən vacib məsələ siyasi iradənin davamlı olmasıdır. Bu şərtlər daxilində korrupsiya ilə mübarizə aparmaq olar. Bu gün qanunvericilik və institusional əsasların yaradılması ilə bağlı tədbirlər görülsə də, real mübarizə tədbirlərini o qədər də uğurlu saymaq olmaz».

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə düşünür ki, korrupsiya yüksək məqamlardan himayə edilməsəydi, belə geniş yayıla bilməzdi:

«Korrupsiyanı komissiyalarla, komitələrlə ləğv etmək mümkün deyil. Korrupsiya cəmiyyətin qapalılığının, iqtisadi münasibətlərin şəffaf olmamasının nəticəsidir. Cəmiyyət azad olmayana, insan hüquq və azadlıqları genişlənməyənə, dövlət hakimiyyəti qanunda nəzərdə tutulmuş şəkildə bölünməyənə qədər korrupsiyanın qarşısını almaq mümkün olmayacaq. Düşünmürəm ki, korrupsiyaya qarşı komissiyanın, ya da kimlərinsə mübarizəsi bu sahədə qayda yarada bilər. İlk sırada korrupsiyanı yaradan səbəbləri aradan qaldırmaq gərəkdir».

Sərdar Cəlaloğlunun sözlərinə görə, hakimiyyət korrupsiya ilə bağlı iri cinayətlərin açılmasında həm də ona görə maraqlı deyil ki, bu, bütün dövlət hakimiyyəti aparatının ifşasına səbəb olar. Ona görə, hökumət aptek müdirlərini, MİS rəislərini korrupsiyada suçlayaraq onları cəzalandırmağa üstünlük verir. Bununla da beynəlxalq aləmə korrupsiya ilə mübarizə apardığını sübut etməyə çalışır. Ancaq hər il nüfuzlu beynəlxalq qurumların hesabatları onu göstərir ki, dünya Azərbaycanda nələrin baş verdiyini, korrupsiyanın hansı səviyyədə olduğunu çox gözəl anlayır.