Bakı və Sumqayıt susuz qalacaq

Bakı və Sumqayıt yenə susuz qalacaq

Dekabrın 18-dən «Azərsu» Səhmdar Cəmiyyətinin (SC) tabeçiliyində olan su təsərrüfatı obyektlərinə elektrik enerjisinin verilməsi dayandırılacaq. Səbəb «Azərsu» SC-nin «Sumqayıtelektrikşəbəkə» ASC-nə işıq pulu borcunun olmasıdır. Bu haqda «Azadlıq» radiosuna «Sumqayıtelektrikşəbəkə»nın mətbuat katibi Anar Quliyev məlumat verib:
«2008-ci ilin dekabr ayının 1-nə «Azərsu» SC-nin 46,416 mln. manat, cari ilin ilk 11 ayı ərzində isə 8,471 mln. manat məbləğində borcu yaranıb. Lakin «Azərsu» və onun müəssisələrinə borcların ödənilməsi ilə bağlı dəfələrlə müraciət və xəbərdarlıqların edilməsinə baxmayaraq, bu istiqamətində heç bir tədbir görülməyib. Bütün bunları nəzərə alaraq, dekabrın 18-də saat 15:00-dan etibarən «Azərsu»nun müəssisələrinə məxsus nasos stansiyalarına elektrik enerjisi verilişi tam dayandırılacaq».
Anar Quliyev bildirib ki, Bakı və Sumqayıt şəhərlərində su təchizatı ilə bağlı yarana biləcək problemlərə görə, «Azərsu» Səhmdar Cəmiyyəti məsuliyyət daşıyır.
«Azərsu»nun məsələyə münasibəti hələlik məlum deyil.