YAP Konstitusiyanı dəyişdirməyi təklif etdi

İlham Əliyev artıq ikinci müddətdir prezident seçilib

Konstitusiyada prezidentin iki müddətdən artıq seçilməsinə qoyulan qadağanın götürülməsi ilə bağlı referendum keçirilməsi təklif olunub. Bu təklifi dekabrın 16-da Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov irəli sürüb.
O, spikerdən xahiş edib ki, referendum keçirilməsi ilə bağlı məsələ növbəti iclasın gündəliyinə salınsın. «Bu, parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təşəbbüsüdür. Çoxluğun iradəsi belədir»-, deyə Ə.Əhmədov bildirib.

Hazırda hakim partiyanın sədri İlham Əliyev artıq ikinci müddətdir prezident seçilib. Onun səlahiyyət müddəti 2013-cü ildə başa çatır. Azərbaycan Konstitusiyasına görə prezident iki müddətdən artıq seçilə bilməz. Bir müddət öncə iqtidaryönlü deputatlar bu maddənin dəyişdirilməsi fikrini səsləndirirdilər.