«İnsanlar yaşamaq və işləmək üçün daima bir yerdən digər yerə köçməyə davam edəcəklər». BMT-nin Baş katibi Ban Ki Munun Beynəlxalq Miqrantlar Günü münasibəti ilə müraciətində belə deyilir. O deyir ki, dünyanın 200 milyondan artıq miqrantı dünya iqtisadiyyatını sarsıdan maliyyə böhranına qarşı xüsusilə həssasdır:
«Bazarlarda müşahidə edilən böhran onları məhrumiyyət, stiqma, ayrı-seçkilik və təhqir kimi daha böyük risklərlə qarşılaşdırır».
Ban Ki Munun bildirir ki, miqrasiya siyasətində məhdudiyyətlər daha da artmaqdadır və əksər hallarda miqrantlar əsasən təhlükəsizlik məsələləri ilə bağlı problemlərlə üzləşirlər.
BMT-nin Baş katibi üzv dövlətlərdən Bütün Əməkçi Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsinə Dair Beynəlxalq Konvensiyaya qoşulmağı xahiş edir.
Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov bildirib ki, ölkədə qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə 100-ə yaxın müraciət daxil olub: «Yalnız bir şəxsə qaçqın statusu verilməsi haqqında qərar qəbul olunub».
A.Rəhimov onu da deyib ki, Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edənlərin böyük əksəriyyəti Əfqanıstan, İran və Pakistan vətəndaşlarıdır.
4 dekabr 2000-ci ildə BMT-nin Baş Assambleyası 18 dekabrı Beynəlxalq Miqrantlar Günü elan edib.