Siyasi məhbuslar üzrə İşçi Qrupun iclası aprelin 5-nə təyin olunub

Siyasi məhbuslar üzrə hökumət nümayəndələri ilə hüquq müdafiəçilərinin yaratdığı İşçi Qrupun növbəti iclası aprelin 5-nə təyin olunub. Bu barədə «Azadlıq» radiosuna hüquq müdafiəçisi Murad Sadəddinov məlumat verib. Ötən ilin yayında yaradılmış qrupun iclasları parlament seçkisi ərəfəsində təxirə salındı və yeni parlament fəaliyyətə başlayandan bəri keçirilməyib.

Murad Sadəddinov qrupun işini bərpa etməsini alqışladığını deyir.


Siyasi məhbus problemini ölkə daxilində, beynəlxalq təşkilatlara çıxarılmadan həll etmək məqsədilə yaradılmış İşçi Qrupa hüquq müdafiəçiləri, Milli Məclis, Prezident Aparatı, Daxili və Xarici İşlər, Ədliyyə nazirlikliklərinin nümayəndələri daxildir. Hüquq müdafiəçiləri parlament seçkisi öncəsi və sonra bəzi şəxslərin həbsi ilə siyasi məhbus probleminin yenidən gündəmə gəldiyini, həmin şəxslərin məhz siyasi baxışlarına görə həbs edildiklərinin bildirirdilər.