«İlham Əliyev YAP-ın təklifinə qarşı çıxmalıdır»

Müxalifət partiyaları Konstitusiya dəyişikliyin baş tutmaması üçün müxtəlif tədbirlər planlaşdırır

Müxalifət partiyaları Yeni Azərbaycan Partiyasının (YAP) Konstitusiya dəyişikliyinin baş tutmaması üçün müxtəlif tədbirlər planlaşdırır. Bura kütləvi aksiyaların keçirilməsi, Konstitusiya Məhkəməsinə müraciət, Azərbaycanın Avropa Şurasından çıxarılması təşəbbüsləri, ABŞ-ın yeni prezidenti Barak Obamaya müraciət və s. daxildir.

«Azadlıq» blokunda təmsil olunan Ədalət və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, hakim partiyanın bu təşəbbüsü qarşı tərəfə əzələ nümayişilə yanaşı, həmçinin baş verə biləcək hakimiyyətdaxili ixtilafların qarşısını almağa yönəlib. Onun fikrincə, hakimiyyət bu məsələni dünyadakı iqtisadi böhranın ölkəyə nüfuz etməməsindən əvvəl reallaşdırmağa çalışır:

«Bu tələskənliyi başqa şeylə izah etmək mümkün deyil. Çünki hakimiyyətin varisi, komandası, onun hansı regiona söykənməsi məsələləri hələ bir müddət əvvəl də müzakirə olunurdu. İndi komandanın bütöv qalması üçün bu addımı atırlar».

Ə.Əliyev baş verənləri ən yeni tarixdə SSRİ-nin dağılmasının qarşısını almağa yönələn hərəkətlərə bənzədir:

«Bu, mənə 1991-ci ildə SSRİ-nin saxlanmasıyla bağlı referendumu xatırladır. Həmin vaxt SSRİ-nin dağılmasının qarşısını almağa cəhd etdilər, amma 7 ay sonra Azərbaycan müstəqillik aktını imzaladı».

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu dəyişikliyi dövlət çevrilişinə bərabər bir addım sayır:

«Bir nəfərin məhdudiyyətsiz prezident seçilmək təklifilə bağlı Konstitusiyaya dəyişiklik demokratiyaya ciddi zərbədir və bu, həm də dövlət çevrilişinə bərabər bir addımdır».

ADP sədri deyir ki, dövlətin əsaslarıyla bağlı məsələləri müzakirəyə çıxarmaq artıq totalitarizmdir:

«YAP-ın belə bir təşəbbüs qaldırması rəsmi şəkildə Azərbaycanda totalitarizmin yaradılmasının birinci etapını təşkil edir».

ABŞ və Avropa ölkələrində belə təkliflərin elə hakimiyyətdə olan prezidentlər, siyasi partiyalar və cəmiyyətlər tərəfindən rədd edilməsilə bağlı müxtəlif misallar söylənilsə də, Sərdar Cəlaloğlu hesab edir ki, uzağa getməyə dəyməz:

«Avropanın, Amerikanın söydüyü, təhdid etdiyi, nifrət etdiyi İranda bu məhdudiyyət aradan götürülməyib. Hətta İranın ən taleyüklü vaxtında Rəfsəncanini göndərdilər, yerinə Xatəmi gəldi. İndi Avropa Şurasının üzvü olan, Avropa Birliyinə, NATO-ya üzv olmaq istəyən Azərbaycan İrandan da betər addım atmaq istəyir».

Bu səbəbdən də ADP sədri hesab edir ki, İlham Əliyev bu təklifə qarşı çıxmalıdır. Sərdar Calaloğluna görə, əgər Avropa Şurası onun öhdəliklərinin əksinə gedən hökumətlə əməkdaşlıq edirsə, onda müxalifət və ictimai qurumlar Azərbaycanın bu qurumdan çıxarılmasını tələb etməli, ya da beynəlxalq qurumların bu məsələyə müdaxiləsinə çalışmaq lazımdır.

Beynəlxalq qurumları günahlandıran müxalifətçilər bir günahın da özlərində olduğunu bildirirlər. Sərdar Cəlaloğlu:

«Müxalifət partiyalarının birləşməməsi totalitarizmin bir nömrəli səbəblərindən biridir».

AXCP sədri Əli Kərimli isə deyir ki, məhz hakim partiyanın bu cür təklifləri Azərbaycanın adının beynəlxalq təşkilatların «qara siyahı»larından düşməməsinə gətirib çıxarır:

«Ruanda, Zimbabve, Türkmənistanla bir sırada addımlayırıq. Bizi hara aparırlar? Bu adamlar ölkəni saldıqları vəziyyətə görə vicdan əzabı çəkmirlər».

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə inanmır ki, İlham Əliyev hakim partiyanın və onu müdafiə edən parlamentin bu təklifini qəbul etsin:

«İnanmıram ki, İlham Əliyev Türkmənbaşı yolunu gedər, heç olmasa Putinin yolunu gedəcək».

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, hakimiyyət daxilində hər hansı problem yoxdur. Problem müxalifətin acizliyindədir.