Yeni təklif informasiyanı məhdudlaşdıra bilər

Hüquqşünasların fikrincə, dəyişiklik medianın fəaliyyətinə ciddi maneələr yarana bilər

Bir neçə gün öncə «Bizim yol» qəzetində Rusiyada yaşayan azərbaycanlı bir iş adamının ad günündən şəkillər dərc olundu. Şəkillərdə diqqəti çəkən indiki və keçmiş dövlət məmurlarının, din xadimlərinin səbəbkara verdikləri bahalı hədiyyələr və görüntüləriydi. Qəzetin baş redaktoru Bahəddin Həziyev deyir ki, Konstitusiyanın şəxsi həyata müdaxiləylə bağlı maddəsinin bir neçə bəndinin dəyişdirilməsi bu tipli məlumatların yayılmasını əngəlləyəcək.

Söhbət Milli Məclisin Konstitusiya Məhkəməsinə göndərdiyi Konstitusiyaya əlavə və dəyişikliklər layihəsində 32-ci maddənin bəndlərinin dəyişdirilməsi təkliflərindən gedir. Bu təkliflər media mütəxəssisləri arasında narahatlıq yaradıb. Konstitusiyada diqqəti cəlb edən bənd hazırda belədir:

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Layihə müəllifləri təklif edirlər ki, bu bənd belə redaktə olunsun

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və ya etirazına baxmadan məruz qoyula bilməz.

Media üzrə ekspertlər hesab edirlər ki, şəxsin razılığı olmadan çəkiliş aparılması və ya onun barəsində informasiya toplanmasının Konstitusiyaya salınması qarışıqlıq yaradacaq. «Yeni Nəsil» jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir, bu bəndin tələbi əsasında ictimai yerdə informasiya toplayan jurnalist fəaliyyətini məhdudlaşdırmaq qadağasıyla rastlaşa bilər:

«Əgər bir şəxs öz evində oturub hansısa bir işlə məşğuldursa, əlbəttə ki, o, fərdi məkandadı və hər hansı müdaxilə razılaşdırılmalıdır. Amma o ictimai yerdədirsə və hər hansısa hərəkətini, lap onun da xoşuna gəlməyən hərəkəti jurnalist və ya başqası çəkirsə, bunu yayırsa, buna görə heç bir məsuliyyət ola bilməz. Hətta o fərd fərdi həyatda yüksək ictimai əhəmiyyət daşıyan bir hərəkətə yol verirsə, bu məlumat şəxsin razılığı olmadan yayıla bilər».

Arif Əliyevin fikrincə, yeni təklif məhz bu cür ictimai əhəmiyyətli məlumatların yayılmasını məhdudlaşdıra bilər. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də deyir ki, bu təklifdə ictimai xadim, məlumatın ictimai əhəmiyyətliyi göstərilmədiyindən medianın fəaliyyətinə ciddi maneələr yarana bilər:

«Məsələn, jurnalist parlamentdə yatan deputatı çəkib göstərir. Bu təklif qüvvəyə minərsə, həmin deputat yatmış vəziyyətdə çəkildiyindən xəbər tutarsa, deməli jurnalistə onu yayma deyə bilər. Bu bənd ona bu əsası verir. Halbuki deputatı seçən seçicilər üçün maraqlıdır ki, məsələn, təhsil haqqında qanun müzakirə olunanda onun deputatı parlamentlə nə edirdi».

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevə görə, Konstitusiyada hansısa maddənin bu qədər detallı işlənilməsinə ehtiyac yoxdur. O, deyir ki, adətən belə detallar qanunlarda öz əksini tapır:

«Konstitusiyada hər maddə bu qədər detallı əhatə edilsə, onda bu çox ağır sənəd olardı. Detallar konkret qanunlarda öz əksini tapmalıdır».

Ələsgər Məmmədli isə deyir ki, demokratik ölkələrin heç birinin Konstitusiyasında bu formada hüquq və azadlıqların məhdudlaşdırılması müəyyən olunmayıb.