«Azadlıq» qəzetinin yaranmasından düz 19 il ötür. 19 il öncə fədakar insanların çiyinləri üzərində qurulan bu qəzet bu gün elə eyni fədakarlıqla nəşrini davam etdirir. Bütün təzyiqlərə və təqiblərə, saysız məhrumiyyətlərə baxmayaraq, azad sözü məhv olmağa qoymur. Tarix səhifələrinə öz möhürünü vurmuş bu mübariz nəşrin 19 illik fəaliyyətinə ilk sayından bu yana «Azadlıq»da çalışmış qəzetin baş direktoru Azər Əhmədov nəzər salır: «Qəzetimiz olduqca şərəfli yol keçib. O vaxt sovet ideologiyasının daşıyıcısı olan qəzetlər var idi, amma fərqli fikirlər söyləyən yox idi. Bunu Azərbaycan xalqına ilk dəfə Nəcəf Nəcəfov, rəhmətlik Əbülfəz Elçibəy bəxş etdi». Azər Əhmədov daha sonra deyir: «İmperiyanın ən qızğın vaxtlarında belə, «Azadlıq» qəzetinə son 5 ildəki qədər təzyiq olmayıb».
«Azərbaycan» qəzetinin birinci səhifəsi 2003-cü ilin seçkiləri ərəfəsində mərhum prezident Heydər Əliyevin İlham Əliyev haqqında dediyi fikirlərlə başlayır: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək». Rəsmi dövlət qəzetinin 24 dekabr sayında əsas məqalələr prezidentin fəaliyyətinin müxtəlif istiqamətləirinə həsr olunub. 24 dekabr prezident İlham Əliyevin ad günüdür.
«Yeni Azərbaycan» «Davamlı islahatların uğurları» sərlövhəli məqaləsində ölkənin iqtisadi vəziyyətindən bəhs edir: «Hökumətin iqtisadiyyatın liberallaşması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlıq sektoruna lisenziya və icazə sistemlərinin sadələşdirilməsi, bu sahədə vahid kod sisteminin yaradılması biznes mühitinin daha da şəffaflaşdırılmasına səbəbə olub və Azərbaycan dünyada ən effektiv, təsirli və misli görünməmiş nəticələr əldə edib».
«525»ə müsahibəsində deputat Aydın Mirzəzadə deyir ki, «Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli Azərbaycanın müstəsna hüququdur». Onun fikrincə, «hazırda dünya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maraq göstərir».