Konstitusiya Məhkəməsi müsbət rəy verdi

Konstitusiya Məhkəməsinin müsbət rəyindən iki ay sonra Azərbaycanda referendum keçirilə bilər

Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə müsbət rəy verib. Qərarda bildirilir ki, təklif olunan akt referenduma çıxarıla bilər.
Konstitusiya Məhkəməsində məsələ ilə bağlı Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib.
Əsas Qanuna iyirmidən çox dəyişiklik təklif olunsa da, əsas dəyişiklik bir nəfərə iki dəfədən çox prezident seçilmək haqqının verilməsi ilə bağlıdır. Təklifi hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

Milli Məclis «Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsini dekabrın 19-da Konstitusiya Məhkəməsinə göndərib.

Konstitusiya Məhkəməsinin müsbət rəyindən iki ay sonra Azərbaycanda referendum keçirilə bilər. Bu barədə qərarın dekabrın 26-da Milli Məclisdə müzakirə olunacağı gözlənilir.