«Vaşinqton Taymz» yazır ki, nüvə məsələsi, iqtisadi böhran, inflyasiya nə qədər ciddi problem olsa da, İran hökuməti başqa şeylərlə də məşğul olur. Və bu başqa şey əhalinin geyim məsələsidir.
Bu yaxında İran polisi 50-yə qədər adamı Qərblilər kimi geyindiyi üçün həbs edib. Qaemşəhr şəhərinin polis rəisi Mahmud Rəhmaninin diliylə desək, «polis küçəyə şeytan görkəmində çıxmış, yaramaz paltarı geymiş dələduzları» tutub. Polis rəisi bildirib ki, İranın düşmənləri gəncləri yoldan çıxarmaq üçün xarici mədəniyyəti yaymağa çalışırlar.
Keçən il də İranda qadınlara uzunboğaz çəkmə geyməyi qadağan etmişdilər. Qadağanı elan edən polis rəisi bildirmişdi ki, qadınlar çəkməni yalnız şalvarın balağının altında gizlətsələr, geyinə bilərlər. Hətta şalvarın balağı çəkməni topuğa qədər örtməlidir, yoxsa qadının bədəninin forması görünür, bu isə islama uyğun deyil.
Bu yaxınlarda İranda 24 yaşlı bir qızı ağ palto geyindiyi üçün tutublar. İranda «əxlaq polisi» adlandırılan polis qıza, paltosunun rənginin münasib olmadığını deyib. 24 yaşlı Neda «Azadlıq» radiosunun İran xidmətinə müsahibəsində deyib ki, əslində polis zabitləri hər şeydən narazıdırlar. Neda da, «Vaşinqton Taymz»dakı məqalənin müəllifi də sual verir: Doğrudanmı İran polisinin paltardan vacib işi yoxdur?
İranda geyim xofu təzə yaranmayıb. 1979-cu ildən – «İslam inqilabı»ndan bu yana İranda bütün qadınlar başlarını bağlamağa, bədənlərini başdan-ayağa örtən paltar geyinməyə məcburdular. Kişilər də Qərbdəkilər kimi köynək geyə bilməz, saçı qeyri-adi formada kəsdirmək qadağandır. Odur ki, inqilabdan bəri geyim məsələsi İranda daimi gərginliyə səbəb olub. Geyim qaydalarına riayət etməmək rejimə tabe olmamaq kimi qiymətləndirilib.
Polis geyim tərziylə vuruşmaqda ikən gənclər bir az da irəli gedib, tələbə gününü qeyd ediblər. Təxminən 50 il qabaq İranda tələbələr yürüş edib, polis onların qarşısını alıb. Keçən həftə İranın hər yerində tələbələr həmin günü qeyd edib. Polisin və təhlükəsizlik qüvvələrinin çoxluğuna baxmayaraq, Tehranda tələbələr barrikadaları dağıdıb, başqalarının da universitet daxilində keçirilən aksiyaya qoşulmasına imkan veriblər. Üç mindən çox tələbə «Diktatora ölüm!», «İrana demokratiya, beynəlxalq sülh» şüarları səsləndirib. Nəticədə ali lider Ayatullah Xamenenin universitetə səfəri təxirə salınıb.
Bir tərəfdən neftin qiymətinin düşməsi, işsizliyin artması, inflyasiya, büdcə kəsirləri, o biri tərəfdən narahat gənclər, iqtisadi sanksiyalar, beynəlxalq aləmin təcrid siyasəti…
İrana yəqin kimsə kömək edə bilməz, amma İranın belə vaxtda paltarla, camaatın geyim tərziylə mübarizəsi yəqin hər kəsə qəribə görünər. «Vaşinqton Taymz» yazır ki, bunu əhalinin diqqətini başqa səmtə yönəltmək, ya da inqilab ruhunu möhkəmlətmək cəhdi kimi qiymətləndirmək olar. Amma aksiya keçirən İran gəncləri göstərir ki, belə cəhdlərin xeyri yoxdur. Müəllif Albert Eynşteynin axmaqlıq barədə dediyini xatırladır: Axmaqlıq bir şeyi təkrar-təkrar etmək və hər dəfə fərqli nəticə gözləməkdir.