(«Olmaya cahanda dövlət» silsiləsindən dördüncü yazı)
Müruri-ömrdə bir dönmədin muradimilə
Dönə-dönə mənə zülm etməyi şüar etdin
Füzuli
Dövlət iyerarxik sistem üzrə idarə olunur. Parlament, ya prezident üsul-idarəsindən asılı olmayaraq, əhalinin seçimi olan şəxslər də öz seçimlərini edib yeni hökuməti formalaşdırır.
Öz növbəsində hökumətə daxil olan nazirlər də seçir - rəhbərlik etdikləri aparatları daha dinamik şəkildə idarə edə biləcək məmurları öz komandalarına daxil edirlər.
Məmur anlayışı da məhz bu sonuncu seçimdən sonra gəlir. Məmləkət mediasında nazirlərə də «məmur» deyilməsinə şahid oluruq tez-tez. Halbuki, siyasi komandanın fiqurları olan nazirlərə məmur demək dövlət iyerarxiyasının məntiqinə uyğun gəlmir.
Hər hansı ölkədə dövlət orqanının inkişafı orada dövləti təşkil edən qurumların, qanunverici (parlament), icraedici(nazirliklər) və məhkəmə (ədliyyə və güc strukturlarının) hakimiyyətlərinin öz funksiyalarını müstəqil şəkildə yerinə yetirməsinə bağlıdır.
İcra orqanı kimi nazirliklərin fəaliyyətinin daha da gücləndirilməsi ölkənin dövlətçilik ənənəsinin güclənməsinin əsas şərtidir. Çünki siyasi hakimiyyətin dəyişməsindən asılı olmadan güclü nazirlik aparatı ilə yola davam edilməsi dövlətin davamlılığı baxımından ən önəmli faktor sayılır.
Ölkənin dövlətçilik mədəniyyəti böyük ölçüdə Məclisdə və nazirliklərin icra aparatlarında formalaşır.
Rusiyanın dövlət sistemini təhlil edən Yuriy Lotman diqqəti önəmli nöqtəyə cəlb edərək deyir ki, 1789-cu il Fransa inqilabının ideoloqları dövlət idarələrində çalışan təmiz məmurlar idi. Bunun nəticəsində, Avropa ölkələrində rüşvətin dövlət mexanizminə yerləşməsi mümkün olmadı.
Rusiyada isə idealist məmurlar olmadığına və ya radikal dəyişikliklərə ideoloqluq edə bilmədiklərinə görə dövlət aparatının təməli rüşvət və korrupsiya üzərində quruldu.
Dövləti təşkil edən qanunverici, icraedici və məhkəmə orqanlarının müstəqil fəaliyyətinə edilən müdaxilələr dövlətçiliyin inkişafını əngəlləyən əsas amillərdən biridir. Belə müdaxilələr, belə demək mümkünsə, dövlət qatarını relsdən çıxarır.
Məmləkətin müstəqil dövlətçilik tarixinin bu cür örnəklərlə zəngin olması təəssüf doğurur. Çünki belə təcrübə mərkəzləşdirilmiş bir sistemdə malik dövlətin digər strukturlarının fəaliyyətinin məhdudlaşdırılması və hətta iflic edilməsinə qədər aparıb çıxarır. Məsələn, müxalifət partiyaları şəhərin mərkəzində hər hansı aksiya keçirmək üçün hazırlıq aparanda prezidentin icra aparatının rəhbəri akademik Ramiz Mehdiyev çıxıb deyir ki, qanuna riayət etməyənlər cəzalandırılacaqlar. Ölkənin əsas qanunu cəzalandırma səlahiyyətini istinasız şəkildə məhkəmələrə verdiyinə görə, aksiya keçirmək iddiasında olanlara qabaqcadan bu şəkildə hədə-qorxu gələn akademik Mehdiyev konstitusiya suçuna yol verir və bu durumda Konstitusiya məhkəməsinin akademik Mehdiyev barədə qanuni proses başlatması lazım idi. Dövlətin digər orqanlarının işinə müdaxilə akademik Mehdiyevin başqa bir bəyanatında özünü göstərdi və onun «Media ölkədəki şəraitə uyğunlaşmalıdır» - açıqlamasından sonra məmləkətin bir neçə önəmli qəzetinin sahib və yazarları həbsxana divarlarını boyladılar. İşin anormal tərəfi akademik Mehdiyevə bu qədər antikonstitusion səlahyiyyetin niyə verilməsindədir.
Dövlət başçısı seçiləndən sonra İlham Əliyevin bir il ərzində gördüyü işlər barədə xalqa akademik Mehdiyev tərəfindən hesabat verilməsi bu anormallığın önəmli göstəricilərindən biri idi. Bir dövlət başçısı gördüyü işlər barədə hesabatı xalqa niyə özü vermək istəməz? Bunun bir neçə səbəbi ola bilər: 1)Dövlət başçısı xalqa yuxarıdan baxır və ona hesabat verməyi özünə rəva bilmir; 2) Özünə güvənmir; 3)Gördüyü işlərin və verəcəyi vədlərin reallığına inanmır. Bütün hallarda bir dövlət başçısının media qarşısında illik hesabatını icra aparatının rəhbərinə oxutdurması dünyada rast gəlinən iş deyildir. Ümumiyyətlə, üsuli-idarə formasından asılı olmayaraq prezidentin ve baş nazirin icra aparatının rəhbərinə parlament, nazirliklər və məhkəmələr üstü səlahiyyət verilməsinin analoqunu dünyada görmək mümkün deyildir və bu durum məmləkətin dövlət sisteminin inkişaf etdirilməsinin önündə önəmli əngəl olmaqla birlikdə konstitusiyaya da ziddir.
Dövlət idarəçiliyindəki iyerarxiya-səlahiyyət xaosunun başqa bir örnəyi akademik Mehdiyevin rəhbərliyi altında fəaliyyət göstərən komissiyalardır. Dünya təcrübəsi daimi komissiyaların daha çox Parlamentlərdə fəaliyyət göstərdiyini bizə öyrədir. Parlamentin müvəqqəti komissiyaları isə dövlət idarəçiliyində çox önəmli əyər-əksiklərin çıxdığı vaxtlarda yaradılır. Buna görə də dövlət idarəçiliyində parlamentlərin daimi komissiyaları xaric olmaqla yaradılan komissiyalar daha çox təhqiqat xarakterli olur. Məmləkətdə Təhsil nazirliyi, prezident aparatının müvafiq şöbəsi(və ya sektoru),nazirlər kabinetinin müvafiq şöbəsi, Məclisin daimi komissiyası olduğu təqdirdə akademik Mehdiyevin rəhbərliyi altında Təhsil komissiyası yaratmaq hansı zərurətdən doğub? Təhsil məsələlərinə birbaşa cavabdeh olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilməyəndə məmləkətin uşaqlarına daha yaxşı təhsil verməyin yolu yeni bir komissiya yaratmaqdanmı keçir?
Hansı dövlət və ya dövlətçilik tarixi bizə dövlətin əsas qurumlarının fəaliyyətini daha da gücləndirmək yerinə komissiya-momissiyaları nazirliklərin başı üzərindən «Domokl qılıncı» kimi asmaq təcrübəsini təqdim edir? Və ya yenə akademik Mehdiyevin rəhbərliyi altında fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə komissiyası. Bir ölkədə korrupsiyaya qarşı mübarizənin ən təsirli forması orada liberal iqtisadiyyatı dərinləşdirmək və sərmayə haqlarını genişləndirməkdir-iqtidarların birinci dərəcəli vəzifəsi ölkədəki sərmayə atmosferini yaxşılaşdırmaq, bunun üçün Məclisdən lazımi qanunları keçirməkdir. Yerdə qalanı sərmayədarın öz işidir. Korrupsiyaya qarşı mübarizəni isə konstitusiya yolu ile bu hüquqları eldə edən prokurorluq orqanları aparır. 90-cı illərin əvvəllərində İtaliyada prokuror Di Pietronun başlatdığı «Təmiz əllər» əməliyyatı bunun müntəxəbatlara daxil olan örnəklərindəndir. Əgər prokurorluq orqanları korrupsiyaya qarşı müstəqil şəkildə mübarizə aparmaq funksiyasını yerinə yetirə bilmirsə, baş prokurorun da daxil olduğu Korrupsiyaya qarşı mübarizə komissiyasından təsirli addımlar gözləmək sadəlövhlük olardı.
Baş prokurorun hökumət üzvləri ilə birlikdə prezidentin icra aparatı rəhbərinin nəzarəti altında eyni komissiyada olması qədər «Dövlət» məfhumuna zidd heç nə ola bilməz. Bu, prokurorluq orqanlarının müstəqilliyini tamamilə girov altına almaqdır. Dövlət başçısının yanında keçirilən iqtisadiyyat müşavirələrinə baş prokurorun dəvət edilməsi də eyni mənanı daşıyır - bu, dövlət qurumlarının müstəqilliyi barədə məfhumları alt-üst edən bir durumdur ki, buna hər şeydən əvvəl prokurorluq qurumunun başçısı öz etirazını bildirməlidir – «Dövlət» məfhumunun etibarını qorumaq naminə. Hələ yaxşı ki «Rüşvət dövlətimizin varlığına böyük təhdid törədir»- deyən Ali Məhkəmənin sədrini görmürük o müşavirələrdə.
Ölkələr komissiyalar və ya fondlarla deyil, dövlət qurumları ilə idarə edilməlidir-bunun başqa alternativi yoxdur və ola bilməz. Bu ümumi həqiqətə qarşı yaradılmaq istənilən hər hansı alternativ o ölkədə dövlətin inkişafının önündə ən böyük əngələ çevrilir. Azərbaycan bir an əvvəl dövlət şəklindəki üsuli-idarəyə keçməlidir. Bunun üçün ilk növbədə, səlahiyyətlər konstitusiyaya uyğun şəkildə bölüşdürülməli, parlament, nazirliklər və məhkəmə orqanları müstəqil şəkildə işləməyə başlamalı, dövlət üstü komissiyaların hamısı bir an əvvəl ləğv edilməlidir. Əksi-təqdirdə dövlətçilik işində bir addım da irəliyə getmək mümkün olmayacaq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir