Bizi necə dinləyə bilərsiniz?

Üzərində SVV yazılmış radioqurğular alarkən, həm də dalğaların 9.48-i göstərməsinə diqqət vermək lazımdır

101.7 FM tezliyində «Azadlıq» radiosunun yayımı yanvarın 1-dən dayandırılır. Milli Teleradio Şurasının bu qərarından sonra «Azadlıq» dinləyiciləri bundan sonra radioya necə qulaq asacaqlarını götür-qoy edirlər.
Yeni ildən etibarən «Azadlıq» carçılarının səsini yalnız qısa dalğaların 9.48 MHz tezliyində (Bakı vaxtilə saat 20-dən 21-dək), habelə internet səhifəsində və Hot-bird peyk yayımı vasitəsilə 24 saat ərzində dinləmək mümkün olacaq.

Qeyri-rəsmi rəqəmlərə görə, Azərbaycanda Avropa kanallarını izləyən peyk istifadəçilərinin sayı 60-70 min nəfərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə internet istifadəçiləri əhalinin 12 faizini təşkil edir. Bu o deməkdir ki, Azərbaycan vətəndaşlarının «Azadlıq» radiosunu dinləmək imkanları fərqlidir:

«Azadlıq» radiosunu hansı radioqəbuledicilərdən dinləmək olar? Radiomuzun marketinq üzrə mütəxəssisi Rafiq Məmmədli deyir ki, üzərində SVV yazılmış istənilən radioqəbuledicidən «Azadlıq» dalğalarını tutmaq olar.

Bir sıra radio satıcıları deyirlər ki, Çin istehsallı radioqəbuledicilərdə qısa dalğalara qulaq asmaq ya çətin olur, ya də satışda olan radioqəbuledicilərdə əksər hallarda qısa dalğalar nəzərə alınmır.

Deməli hər radioqəbuledici ilə «Azadlıq» radiosuna qulaq asmaq olmur. Ona görə də Rafiq Məmmədli məsləhət görür ki, üzərində SVV yazılmış radioqurğular alarkən, həm də dalğaların 9.48-i göstərməsinə diqqət vermək lazımdır.