«Elə etməyin ki, Azərbaycanı bütün dəftərlərdən silsinlər»

«Milli Televiziya və Radio Şurasının (MTRŞ) xarici radioların FM tezliyində yayımını dayandırmaq qərarı Azərbaycan hakimiyyətinin demokratiya ilə bağlı bəyanatlarının quru söz olduğunu, ölkədə avtoritarizmin gücləndiyini bir daha ortaya qoydu». Bu sözləri politoloq Hikmət Hacızadə deyir. Onun fikrincə, bu qərar hakimiyyətin fərqli fikir, azad söz eşitmək qabiliyyətinin olmamasının göstəricisidir:

«Mən etiraz edirəm. Mən bu addımı başa düşə bilmirəm. Hər halda bu, bizim cəmiyyətimiz üçün böyük itki olacaq. Bizim ölkənin orqanizmi sinir sistemindən kənarda bir orqanizmdir. Sovetlər sistemi kimi. Elə sinir sistemi olmadığına görə sovetlər sistemi dağıldı».

Hüquq müdafiəçisi Səidə Qocamanlı da hesab edir ki, qərar Azərbaycanın nüfuzuna ağır zərbə vurur. O, bu qərarın açıq-aşkar siyasi məqsəd daşıdığını bildirir:

«Bu qərar hakimiyyətin geriyə addımıdır, ölkənin demokratiyadan bir qədər də uzağa düşməsidir. Bu qərar açıq-aşkar söz azadlığına qoyulan məhdudiyyətdir. Bütün dünya açıq cəmiyyət uğrunda vuruşduğu bir zamanda Azərbaycanda belə biabırçı qərar qəbul olunur».

S.Qocamanlı hesab edir ki, bu addımla Azərbaycan özünü beynəlxalq birlikdən təcrid yoluna aparır. Bu isə Qarabağ düyünü də daxil olmaqla ölkənin köklü problemlərinin uzun illər çözülməyəcəyinin, əksinə daha da dərinləşəcəyinin göstəricisidir.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə fərqli fikirdədir. Onun sözlərinə görə, bu qərar heç də xarici radiostansiyaların səsinin boğulması, onlarla cəmiyyət arasında ciddi bir sədd çəkilməsi anlamına gəlməməlidir. S.Seyidov düşünür ki, bu fikirləri səsləndirənlər Azərbaycan-Qərb münasibətlərinə kölgə salmaq istəyir:

«Azərbaycan-Qərb münasibətlərinə problem yaratmaq istəyirlər. Bu radiostansiyalar sovetlər dönəmində Azərbaycanda eşidilib. Müstəqillik dönəmində də belə olub. Gələcəkdə də bu radioların Azərbaycanda yayım aparmağa bütün qanuni imkanları olacaq».

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Səməd Seyidovun dedikləri ilə razı deyil. Onun sözlərinə görə, xarici radiostansiyalardan FM tezliyinin alınmasına etirazlarını bildirənlər üzün illərdir Azərbaycanın Qərbə inteqrasiyası uğrunda ardıcıl mübarizə aparan insanlardır. N.Cəfəroğlu «Azadlıq», BBC və «Amerikanın səsi» radiostansiyalarının bağlanması ilə həm vətəndaşların, həm də hakimiyyətdən fərqli düşünənlərin tribunasının əlindən alındığını deyir:

«Heç təsəvvür edə bilmirəm ki, bu hakimiyyət beynəlxalq birliyə nə cavab verəcək, ölkəni necə idarə edəcək. Görün, bu qərarı qəbul edən insanların millətə nə qədər nifrət var ki, onun inkişafının qarşısına belə maneələr çəkirlər. Bu insanları qorxu hissi bürüyüb. Ona görə də ürəklərindən ömürlük prezidentlik, ömürlük deputatlıq, ömürlük vəzifədə olmaq keçir. Bilmirlər ki, bunlar Allahın əlindədir. Mən prezidentə müraciət edirəm. Elə etməyin ki, Azərbaycanı bütün dəftərlərdən silsinlər».

Novella Cəfəroğlu düşünür ki, beynəlxalq birlik Azərbaycan hakimiyyətinin azad sözü susdurmaq arzularının qarşısını almalıdır.