Havyer Solana radiolarla bağlı qərara yenidən baxılmasına çağırır

Avropa Birliyinin Xarici Siyasət idarəsinin rəhbəri Havyer Solana Azərbaycan Milli Televiziya və Radio Şurasının xarici radioların lisenziyalarının yenilənməməsindən təəssüfləndiyini bildirib.

Avropa Birliyinin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Havyer Solananın ofisindən dünən yayılan məlumatda qeyd edilir ki, Şuranın bu qərarı dinləyiciləri etibarlı və alternativ informasiya mənbəyindən məhrum edir.

Sənəddə bildirilir: “Haviyer Solana bu qərarın istinad edildiyi qanuni zərurəti başa düşsə də, əmindir ki, hələ də bu problemi tərəflərin hamısını razı salacaq şəkildə həll etmək mümkündür. Buna görə də o, Azərbaycan hökumətini “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının yerli tezliklərdə yayımını dayandırmaq qərarına yenidən baxmağa çağırır”.

Havyer Solana hesab edir ki, Teleradio Şurasının qərarı Azərbaycanda özünüifadə azadlığı və plüralizmin inkişafına maneə yaradacaq.

Məlumatda daha sonra bildirilir ki, Avropa Birliyi bu radioların yayımının təmin edilməsinə qanuni əsasların yaradılması üçün müzakirələrə və ölkədə demokratik institutların inkişafının gücləndirilməsində Azərbaycana kömək etməyə hazırdır.