«Çox gözəl üzgüçülük yarışı oldu, boş hovuzda…»

Əvvəlki seçkilərdən fərqli olaraq, müxalifət bu il nəinki şəhərin mərkəzində, heç ucqar meydanlarda da kütləvi aksiya keçirə bilmədi

«İlk növbədə, mənə etimad göstərən, məni bir daha prezident seçən Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm…».

Bu, oktyabrın 15-də ikinci dəfə Azərbaycanın prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimindəki nitqindəndir.

Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, seçkidə təqribən 76 faiz seçici iştirak edib. Onların 90 faizə yaxını Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə səs verib.

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu günlər «APA» agentliyinə müsahibəsində deyib ki, mübaliğəsiz prezident seçkisi 2008-ci ilin ən mühüm hadisəsi oldu. Onun fikrincə, Azərbaycan vətəndaşları bu seçkidə İlham Əliyevə tam etimad göstəriblər.

Ancaq bu seçkini boykot edən müxalifət partiyaları isə hesab edirlər ki, 2008-ci il oktyabrın 15-də Azərbaycan xalqına bir daha öz iradəsini nümayiş etdirməyə imkan verilməyib. Üstəlik, Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva deyir ki, prezident seçkilərində real alternativ olmayıb:

«Bu il rəqabətsiz seçki oldu da. Andres Herkel çox gözəl dedi. Dedi ki, çox gözəl üzgüçülük yarışı oldu, boş hovuzda…».

Ancaq prezident seçkisində İlham Əliyevdən başqa 6 namizəd var idi. Onların heç biri 3 faizlik baryeri keçə bilmədi.

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, onlar məhz seçkiyə alternativ görüntü vermək işinə xidmət edirdilər. Hərçənd, həmin namizədlər bu dəyərləndirmə ilə razılaşmırlar.

ATƏT-in yekun rəyində də qeyd edildi ki, bu seçki bir sıra beynəlxalq standartlara cavab vermədi. Rəydə göstərilirdi ki, bəzi hallarda seçicilərin məntəqələrə gəlməsini «onbaşı», «yüzbaşı» və «minbaşılar» təşkil ediblər. Seçki günü elə biz də məntəqələrinin qarşısında özlərini «onbaşı», «yüzbaşı» və «minbaşı» kimi təqdim edən insanlarla rastlaşmışdıq:

- Minbaşı nədir?

- Biz vəd götürmüşük ki, min seçicini seçkiyə gətirəcəyik. Seçicilər arasında təbliğat aparıb, onları seçkiyə gətirib komissiya üzvlərinə təhvil veririk…

Prezident seçkisi ərəfəsində isə həm Seçki Məcəlləsinə, həm də «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna bir sıra dəyişikliklər edildi. Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov deyir ki, bu dəyişikliklərlə Seçki Məcəlləsi bir qədər də təkmilləşdi, vətəndaşların sərbəst toplaşmaq azadlığı daha da genişləndi. Ancaq əvvəlki seçkilərdən fərqli olaraq, müxalifət bu il nəinki şəhərin mərkəzində, heç ucqar meydanlarda da kütləvi aksiya keçirə bilmədi. Üstəlik, müxalifət seçki kampaniyasının müddətinin azaldılması və başqa bir sıra halların üzərində dayanaraq Seçki Məcəlləsinə edilən dəyişikliyi bir qədər də geriyə addım kimi dəyərləndirdi.

Müxalifət 2008-ci ilə aid daha bir siyasi hadisəni ölkənin inkişaf tarixində geriyə addım sayır. Bu dəfə söhbət parlamentin konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum aktını qəbul etməsindən gedir. Həmin akta Konstitusiya Məhkəməsi də müsbət rəy verdi:

«Referendum Aktında əks edilən təkliflər xalq hakimiyyətinin və konstitusiyanın əsasları ilə ziddiyyət yaratmadığından referenduma buraxıla bilər…».

Bu müzakirələrin getdiyi bir vaxtda isə bir qrup müxalifətçi Konstitusiya Məhkəməsi qarşısında «Rədd olsun monarxiya!», «Yaşasın respublika!» şuraları ilə etiraz aksiyası keçirməyə cəhd göstərdi.

Xüsusilə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin Konstitusiyadan çıxarılması müxalifətlə hakimiyyət arasında mübahisələrə səbəb olub. Müxalifət bunu monarxiya üsul-idarəsinə keçid kimi dəyərləndirir. «Azadlıq» blokunun həmsədri Lalə Şövkət Hacıyeva:

«Biz birbaşa Zimbabveyə doğru istiqamət götürmüşük. Mən bizim diplomatları salamlayıram…».

Hakim Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Əli Əhmədov isə dəyişikliklərdə demokratiyaya zidd heç nə görmür:

«Mən hesab edirəm ki, seçkilər nəticəsində formalaşan hakimiyyətin bir dəfə seçilməsi, iki dəfə seçilməsi, üç dəfə seçilməsi demokratiya yox, hüquq məsələsidir…».

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu 2008-ci ili siyasi baxımdan nə xalq üçün, nə də müxalifət üçün uğurlu sayır. Onun fikrincə, bu il xalqın bir daha iradəsi əlindən alınıb. Müxalifət isə nəinki növbəti dəfə məğlub olub, üstəlik real şəkildə birləşmək imkanını əldən verib.

Azər Rəşidoğlu bu ili hakimiyyət üçün də uğurlu saymır. Baxmayaraq ki, o etiraf edir ki, hakimiyyət ən azı daha 5 il ömrünü uzadıb. Ancaq o deyir ki, bu uzunömürlülük xalqın iradəsinə yox, zorakılığa söykənir…