Avropa Birliyi alternativ marşrutları müzakirə edəcək

İki ölkə arasındakı mübahisə həll olunmasa, yaxın iki həftə ərzində Avropaya qaz verilməsində ciddi böhran yarana bilər

Avropa Birliyi (AB) bəyan edib ki, gələcəkdə də onun qazla təminatında əngəl yaransa, Rusiya və Ukraynadan yan keçən alternativ marşrutları götür-qoy edəcək.
Hazırda AB-nə sədrlik edən Çexiya bildirib ki, onlar Şimal Axın və Cənub Axın kəmərlərinin işini sürətləndirməyə hazırdırlar. Bu kəmərlər Ukraynadan yan keçməklə, Rusiya qazını Avropaya daşımalıdır. Avropa Birliyi eyni zamanda Xəzər qazını Avropaya çatdıracaq «Nabucco» layihəsini də inkişaf etdirməyi planlaşdırır.

Moskva və Kiyev qazın qiymətinə görə, razılaşa bilmir. Rusiya yanvarın 1-dən Ukraynaya verdiyi qazı kəsib. Bundan sonra Avropa ölkələrinə verilən qazın həcmində azalma müşahidə olunub.
Yanvarın 5-də Avropa Birliyinin rəsmiləri Brüsseldə yaranmış vəziyyəti müzakirə edəcəklər.