ABŞ xarici radioların yayımının bərpasında qərarlıdır

Don Lu: «Birləşmiş Ştatlar Azərbaycanda xarici radioların yayımını bərpasına yardım etməkdə qərarlıdır»

Amerika Birləşmiş Ştatları xarici radioların Azərbaycanda yayımının bərpasında qərarlıdır. Bunu Amerika səfirinin müvəqqəti işlər vəkili cənab Don Lu «Azadlıq» radiosuna müsahibəsində deyib.
Don Lu xarici radioların yayımının dayandırılmasına təəssüfləndiyini bildirib və deyib ki, «Azadlıq», «Amerikanın səsi» radioları və BBC xəbər vermək sahəsində özünəməxsus iş görüb. Amerikanın Beynəlxalq Yayım Şurası və BBC rəhbərliyi Azərbaycanla danışıq apararaq, problemi həll etməyə, radioların Azərbaycanda yayımını bərpasına çalışırlar. Cənab Lu bildirib ki, radioların yayımı bərpa olunmasa, bunun Azərbaycana mənfi təsiri olacaq:

«Xarici radioların yayımı bərpa olunmasa, bunun Azərbaycanda söz azadlığına və demokratiyanın inkişafına ciddi təsiri olacaq. Müstəqillik qazanandan bəri biz Azərbaycan hökumətiylə əməkdaşlıq edirik. Əməkdaşlıq edirik ki, Azərbaycanda demokratiya, fikir azadlığı təmin olunsun. Eyni zamanda mətbuatın açıq fəaliyyət hüququna hörmət qoyulsun. Birləşmiş Ştatlar Azərbaycanda xarici radioların yayımını bərpasına yardım etməkdə qərarlıdır».

Xarici radioların Azərbaycan yerli tezliklərdə yayımı bu ilin yanvarın 1-dən Milli Teleradio Şurasının qərarına əsasən dayandırılıb.