Xarici radiolarla bağlı məsələ AŞPA-da müzakirə olunacaq

Andreas Herkel assambleyanın yanvar sessiyasından sonra Azərbaycana gələcəklərini də deyib

«Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda xarici radioların milli tezliklərdə yayımının dayandırılması məsələsini qaldıracağam». Assambleyanın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel «Day.az»a müsahibəsində belə deyib.
O, bildirib ki, sessiyada Azərbaycanda baş verən son hadisələr, o cümlədən radioların yayımının dayandırılması və referendum keçirilməsi ilə bağlı qərardan danışmaq niyyətindədir. Cənab Herkel hər iki addımı demokratik inkişafın əlaməti hesab etmədiyini deyib.

Həmməruzəçi xarici radioların milli tezliklərdə yayımının dayandırılmasından narahat olduğunu deyib. Prezidentlik müddətinə gəlincə isə, cənab Herkel bildirib ki, bu elə hadisədir ki, bu barədə məlumat verməlidir. Andreas Herkel assambleyanın yanvar sessiyasından sonra Azərbaycana gələcəklərini də deyib.

Milli Teleradio Şurasının qərarı ilə Azərbaycanda üç xarici radio – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin yerli tezlikdə yayımı dayandırılıb.

Ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı referendum isə martın 18-də keçiriləcək.