Bakının keçmiş meri Rəfael Allahverdiyev vəfat edib

O, son illər İsveçrənin Cenevrə şəhərində mühacirətdə idi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və keçmiş millət vəkili Rəfael Allahverdiyev vəfat edib. Məlumatı ANS yayıb.
«Qaynar İnfo» xəbər verir ki, Bakının sabiq meri bir neçə ildir ki, beyin xərçəngindən və başqa xəstəliklərdən əziyyət çəkirdi.

O, son illər İsveçrənin Cenevrə şəhərində mühacirətdə idi.

Mərhum yanvarın 11-də Bakıda dəfn olunub.

Rəfael Xanəli oğlu Allahverdiyev 1945-ci ili mayın 9-da Bakıda anadan olub.
1993-cü ilin iyulundan 2000-ci ilə qədər Bakının meri olub. Hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri kimi sonralar partiyanın sədr müavini seçilib. 2000-ci ilin oktyabrında isə Bakının meri vəzifəsindən istefa verərək, həmin ilin noyabrında təkrar millət vəkili seçilir. Bir müddət keçəndən sonra deputatlıqdan imtina edərək xaricdə yaşayıb.