«Bizim Yol»: «Bir zamanlar Rafael Allahverdiyev Bakı boyda şəhərin yiyəsi idi. Qılıncının sağı da kəsirdi, solu da. Çünki arxasında Azərbaycanın yiyəsi, prezidenti, padşahı Heydər Əliyev durmuşdu. Əvəzində bu dünyadan nə apardı? İki metr ağdan başqa heç nə. Torpağının qiyməti at belinə dırmaşan Bakısında Rafael Allahverdiyevin son mənzili doğulduğu Fatmayı kəndi oldu»-, qəzetin köşə yazarı Cavid Cabbaroğlu «Rafaelin ölümü» məqaləsində belə yazır.
«Onu hamı Heydər Əliyevin kölgəsi sayırdı. Gənc yaşlarından Heydər Əliyevlə işləməyə başlayan sabiq mer ona sədaqət nümunəsi olmuşdu».
«…Heydər Əliyevdən sonra Sirus Təbrizli, Rafael Allahverdiyev kimi adamları muzeydə eksponat kimi saxlamaq lazımıydı. Amma onları YAP-dan çıxardılar, bu azmış kimi, Rafael müəllimi İsveçrəyə sürgün etdilər, ömrünün cəmi son iki sutkasını Bakıda keçirməsinə icazə verdilər. Dəfninə Sirus Təbrizlidən başqa YAP-ı quranlardan və indi partiya rəhbərliyində təmsil olunanlardan kimsə qatılmadı. Bundan sonra da qatılmaq fikirləri yoxdu».
«Yeni Müsavat» yazır ki, «Masalıda 150 sahibkar ölüm aclığına başlayır». «Yanvarın 12-də Masallı rayonundan olan 50 sahibkar Bakıya gələrək Prezident Aparatına yollanıb. Onların məqsədi rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Masallıda rəvac verdiyi hərc-mərcliyi ölkə rəhbərliyinə çatdırmaq olub.
Şikayətçi deyir ki, icra başçısı sahibkarların obyektlərini sökdürür, soruşanda isə deyir ki, xəbərim yoxdur.
Əhəd Əhədov narazı iş adamları adından xəbərdarlıq etdi: «Saat 2-də Prezident Aparatına gedəcəyik. Oradan çıxandan sonra isə Masallıda özbaşınalığa son qoyulanadək 150 sahibkar aclığa başlayacaq».
«Azadlıq»: «Mənə dedilər ki, xəbərdarlıq edirik, ölüm işinin bir ili üç min manatdı, özünü yaxşı apar...»-, bunu qəzetə müsahibəsində xalq artisti Yalçın Rzazadə deyib:
«Hələ Polad Bülbüloğlu nazir olanda həyat yoldaşım Roza xanımı nazirliyə çağırıb deyib ki, Ənvər Məmmədxanlı adına kitabxananın yarısını «AZAL»ın prezidenti Cahangir Əsgərov almaq istəyir, gəl sənə halallıq üçün pul verək, kitabxanadan əl çək. Bizim ailə rüşvətdən çox uzaqdır. Roza xanım da onlara deyib ki, kitabxana dövlətindir, dövlətin malını sata bilmərəm. Görəndə ki, bunların istəkləri yerinə yetirilmir, başladılar şantaja. Oğlumun iş yerinə qədər gedib çıxdılar. Sonra da qərara gəliblər ki, Roza xanımı aldatsınlar…
Mən xalq artistiyəm, kişiyəm. Cahangir kimdir ki, mənə nəsə etsin. Adımı alacaq, yoxsa səsimi? Yoxsa ölkə başçısının mənə verdiyi mükafatları, adları alacaq? Cahangirin pulu varsa, bu o demək deyil ki, mən onun qarşısında əyilməliyəm…»
«Yeni Azərbaycan» yazır ki, «Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və inkişafına xidmət edəcək». Qəzetin təşkil etdiyi dəyirmi masaya qatılan deputat Gövhər Baxşaliyeva deyir ki, «Azərbaycan prezidenti həqiqətən də millətinin vahid lideri olmağı bacarıb və ulu öndər Heydər Əliyev yolunu layiqli davam etdirir». Digər deputat Zahid Orucun fikrincə isə : «İrəli sürülən təkliflər konstitusiyanın təkmilləşməsinə, dövlət quruculuğunun əsaslarının möhkəmlənməsinə, vətəndaş hüquq və azadlıqlarının genişlənməsinə, prezidentlik üsul-idarəsinin effektivliyinin artırılmasına xidmət edir».
«Ekspress»: «Sumqayıt şəhərində yerləşən «Azərboru» zavodunun 250 işçisi məcburi məzuniyyətə göndərilib. İşçilər isə məzuniyyətə göndərilmələrinin böhranla bağlı olmasına inanmadıqlarını və 4 aydır əmək haqlarının verilmədiyini deyiblər». Qəzetin «Böhran «Azərboru»nu da vurdu» -, sərlövhəli məqaləsində belə yazılır.