Solçu: «Xalq təzədən Karl Marksa qayıdacaq»

Azərbaycanda solçuların ötən il 1 may mitinqinə 10-15 nəfər toplaşmaq istəmişdi…

Azərbaycanda solçuların ötən il 1 may mitinqinə 10-15 nəfər toplaşmaq istəmişdi, amma onların da bir neçəsini Səbail polisi yarı yolda saxlamışdı. Solçu yazar Həmin Herisçinin də qatıldığı həmin tədbir bir-neçə nəfərin mobil telefonla səsləndirdiyi entuziast marşıyla başa çatmışdı. Amma buna baxmayaraq H.Herisçi hesab edir ki, son iki ildə Azərbaycanda solçuluğa meyl xeyli artıb:

«Xalq başa düşəndən sonra ki, liberal demokratizm, millətçilik Azərbaycan xalqına heç nə vermədi, əksinə Azərbaycan xalqından nə lazım idisə aldı, solçuluğa meyl artdı».

Yazara görə, liberal demokratik dəyərlər tam əhəmiyyətini itirəndə, manipulyasiya alətinə çevriləndə adamların üz tutacağı iki yol qalır:
«Xalq sosializmə və sosializmin islamla bağlı tərəfinə gedəcək. Türkiyədə olduğu kimi. Azərbaycanda isə sosializmə, yeniləşmiş, müasir sosial ideologiyalara qayıdış olacaq. Dünyada gedən indiki iqtisadi proseslər elə kapitalizmin iflasıdır. Kapitalizmin iflası olan yerdə isə sosial ideyalar yenidən qayıdır, yəni xalq təzədən Karl Marksa qayıdacaq».

Son dövrlər ideologiyalarla bağlı yerli mətbuatda silsilə yazılarla çıxış edən ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Azərbaycan sosializmdən çıxıb, ancaq hələ kapitalizmə çatmayıb, yəni yarı yoldadır.

S.Cəlaloğlu hesab edir ki, Azərbaycanda solçuluq ideologiyası yox dərəcəsindədir. Onun fikrincə, solçuluq iki keyfiyyətlə xarakterizə olunur, amma bunların heç biri Azərbaycanda yoxdur:

«Solçuluq hadisələrin gur, radikal yolla getməsindən və klassik kapitalizmin inkişafından meydana çıxa bilər, yəni əzilən siniflərin bir müdafiəçisi kimi. Bunların heç biri Azərbaycanda yoxdur».

Sərdar Cəlaloğluna görə, bir tərəfdən cəmiyyət zəifdir, digər tərəfdənsə Azərbaycanda klassik kapitalizm bərqərar olmadığından onun məhsulu olan siniflər də formalaşmayıb.

ADP sədri deyir ki, gənclərin solçuluğa meyllənməsi solçuluqdan çox, inqilabi romantizmlə bağlıdır:

«Ümumiyyətlə, solçuluqda da, sağçılıqda da bu cür romantik meyllər, axınlar var. Amma bunların heç biri klassik mənada solçu hərəkatın yaranmasına, solçu gücün meydana çıxmasına gətirib çıxara bilməz. Bu, bizim düşüncəmizin qarmaqarışıqlığından doğan bir tendensiyadır, gənclər demokratiyanın nə olduğunu mənimsəmədən ondan imtina edirlər və bu məsələdə də onlara köməklik edən xüsusi qruplar var».

Bakıda keçirdiyimiz sorğu zamanı fikirlərini öyrəndiyimiz adamların dediklərindənsə belə aydın oldu ki, onların əksəriyyəti hansı mövqedə, hansı cəbhədə olmasından asılı olmayaraq özləri də bilmədən Azərbaycanda solçuluq ideologiyasının təəssübünü çəkirlər.

Onların bu mövqeyi əsasən sovet dövrüylə indiki dövrün müqayisəsində daha aydın görünür:

- Sərbəst yaşamaq hər bir insanın arzusudur. Sovet dövründə adamların sosial hüquqları daha yaxşı qorunurdu. Biz onda daha yaxşı yaşayırdıq. Qayda-qanun var idi. Əvvəl adamlara 13-cü maaş verirdilər, amma indi pensiyamı ala bilmirəm.
- Məncə, indi sosial hüquqlar daha yaxşı qorunur. Sovet dövründə belə təmtəraqlı binalar, maşınlar yox idi.

- O vaxt fəhlə hökuməti idi, şikayətini deməyə yer var idi, indi hara deyəcəksən? Bu gün, sabah səni işdən çıxardılar qaldın ac. O vaxt işdən çıxırdın, başqa iş var idi.

Həmid Herisçi də deyir ki, indi baltalanan sovet dövründə xalqın idarəetmədə rolu olub:

«Bəli sağıcılar Ali Sovetdə oturub susurdular, nə olsun indi də kapitalistlər oturub Ali Sovetdə onlar da susur, mən istəyərdim sağıcı sussun».
Hazırda paralel olaraq Lenin və Marksın əsərlərini oxuyan jurnalist Natiq Güləhmədoğluna görə, gənclər arasında solçuluğa meyldə azacıq romantizm olsa da, məsələni təkcə bununla bağlamaq düzgün deyil.

N.Güləhmədoğlu deyir ki, adamların solçuluğa meyllənməsi daha yaxşı yaşayış gözləntilərinin puça çıxmasıyla bağlıdır:

«İnsanlar sovet dövründən sonra üfüqdə daha yaxşı yaşayış gözləyirdilər, amma biz daha yaxşı şeyləri görmədik».

İndi Azərbaycanda solçuluq ideologiyasına söykənən 5-6 altı partiya və qurum var: AKP, Azərbaycan Vahid Kommunist Partiyası, Marksizm-Leninizm Platformasında Azərbaycan Kommunist Partiyası, Yeni Nəsil Azərbaycan Kommunistləri Partiyası və «Çe Gevara Fanatları Klubu» Gənclər Təşkilatı.
Maraqlısı odur ki, bu partiyaların hər biri 60 mindən artıq üzvünün olduğunu iddia edir. Yəni Azərbaycan SSR-də nə qədər idisə, o qədər.

Siyasi şərhçi Rəşad Şirin isə hesab edir ki, indi Azərbaycan cəmiyyəti kapitalizmin ilkin forması olan vəhşi kapitalizmi müşahidə edir və bu da istər-istəməz insanlar arasında narazılıq yaradır. Bu baxımdan da insanlar sosial-demokratik şüarlar və ideyalar ətrafında birləşməyə başlayırlar.