«Bitərəflərin çoxluğu cəmiyyəti cəhənnəmə çevirir»

ADP-nin sədri Sərdar Cəlaloğlu

Tanınmışların budəfəki qonağı ixtisasca həkim olsa da, Azərbaycan cəmiyyəti onu siyasət adamı kimi tanıyır.

1954-cü ildə Naxçıvanın Babək rayonunda anadan olub.

Naxçıvan Xalq Cəbhəsinin yaradıcılarından biri olan bu adam həm də Azərbaycan Demokrat Partiyasının təsisçilərindəndir. Bir neçə dəfə həbsdə olub. O, Azərbaycanda dövlətin təzminat verməli olduğu yeganə siyasətçidir.

Fəlsəfə, qloballaşma və tibbi etnoqrafiyaya aid monoqrafiyaların, elmi-fəlsəfi məqalələrin, bir neçə kitabın müəllifidir.

Beləliklə, «Azadlıq» radiosunun «Tanınmışlar» proqramında mən İlqar Rəsulun budəfəki həmsöhbəti ADP-nin sədri Sərdar Cəlaloğludur.

Müsahibədən maraqlı fikirlər

«Totalitarizm əslində siyasi həyatın quraqlığıdır. Orada ən güclülər də məhv olmağa məhkumdur».

«Dəvələşmə bizi səhraya çevrilmiş cəmiyyətdə yaşamağa uyğunlaşdırır. Bu çox təhlükəli prosesdir».

«O kəslər ki, könüllü olaraq köləliyi boynuna alır, onlar cəmiyyətin ən pis adamlarıdır. Onlar təkcə özlərinin yox, həm də azadlıqsevərlərin məhv olmasına şərait yaradırlar».

«Cəmiyyətdə çaxnaşma olanda bitərəflərin çoxluğu cəmiyyəti cəhənnəmə çevirir».

«Qaranlıq cəmiyyətlərdən ayrı-ayrı səslərin çıxması çox vacibdir. Bu gün, belə bir totalitar cəmiyyətdə səs çıxartmaq, ağrıları dilə gətirmək böyük bir missiyadır. Və mən də bunu yerinə yetirirəm».

«Mən düşünmürəm ki, öz ölkəm üçün Ruzveltdən, Çörçildən az iş görürəm. Onlardan əvvəl bu yolda can verən, qurban gedən insanlar artıq özlərindən sonrakılar üçün şərait yaratmışdılar. Biz də bu gün qurban gedirik ki, bizdən sonra gələn insanlar liderliyə layiq olacaqlarsa, lider ola bilsinlər. Bizim kimilərin tarixdə rolu bizim çiyinlərimizdə hakimiyyətə gələcək adamlarınkından çox-çox qiymətlidir».