Adil İsmayılov: «Azərbaycan xalqı istefa verib»

Adil İsmayılov: «Heyf, Obamanın okeanın o tayında nəsə deməsi ilə Azərbaycanda bir şey dəyişmir axı»

Dinlə

«Bizdə şəffaflıq yalnız rüşvətdədir». Vəkil Adil İsmayılov «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O və hüquqşünas Erkin Qədirli verilişdə «ABŞ-ın şəffaflıq dərsi» mövzusunda fikirlərini bölüşüblər.

A.İsmayılov deyir ki, Azərbaycan cəmiyyəti rüşvət sarıdan ən şəffaf cəmiyyətdir:

«Yəni, kim nə alır, nə verir, bu barədə hər cür məlumat var. Hər şeyin qiyməti də məlumdur. Hər şeyin məzənnəsi də bəllidir. Qalan sahələrdə mən inanmıram ki, buradakı vəziyyətdə nə isə dəyişsin. Amma çox ürəkdən arzulayardım ki, Amerikadakı şəffaflıq bizdə də olsun. Heyf, Obamanın okeanın o tayında nəsə deməsi ilə Azərbaycanda bir şey dəyişmir axı».

Yanvarın 21-də ABŞ prezidenti Barak Obama bəyan edib ki, «şəffaflıq erası başladı». Məsələn, o, məmurları informasiya sorğularını təcili şəkildə cavablandırmağa cağırıb.

Hüquqşünas Erkin Qədirli isə deyir ki, şəffaflıq erası bir bəyanatla, bir ölkədə aparılan siyasətlə baş verəsi deyil. O, bir məqama diqqəti cəlb edir:

Erkin Qədirli: «Nailiyyət «nail olacam» deyənlərdədir»
«Amerika sözün yaxşı mənasında idealist cəmiyyətdir. Amerika inanırdı ki, nə zamansa qaradərili prezidentləri olacaq, hamının hüquqları təmin olunacaq və s. 1918-ci ildə Xalq Cümhuriyyətimizi yaradanlar da idealist idi. Mən istərdim ki, həmin idealizmlə biz mənəvi bağlantı yaradaq və bu gözəl istəkləri reallaşdıraq. İlk növbədə də şəffaflığı».

«Yaranan qeyri-şəffaf vəziyyətin dəyişilməsində «yuxarılar», yoxsa «aşağılar» daha çox gücə malikdir» sualına isə cavablar fərqlidir.

Adil İsmayılov hesab edir ki, Azərbaycanda maraq daha çox «yuxarı»dan nə deyəcəklərə köklənib:

«Yuxarıda» isə «aşağıya» heç bir maraq yoxdur. Lakin, müsbət dəyişikliklər üçün ilk addımı «aşağılar» atmalıdır. Əfsuslar ki, Azərbaycan xalqı bir xalq kimi artıq istefa verib».

Erkin Qədirli isə ümumiyyətlə, «aşağı» və «yuxarı» bölümü ilə razı deyil:

«Biz bir cəmiyyətin üzvüyük. Önəmli odur ki, inandığımız hədəflərə doğru inadkar getmək lazımdır. Çünki nailiyyət «nail olacam» deyənlərdədir».