Müxalifətçi polisə verdiyi ifadədən imtina edib

Təşəbbüs qrupları 30 min imza toplamalıdırlar

Yanvarın 22-də Sumqayıtda referendumla bağlı «Respublika və Qarabağ uğrunda» vətəndaş hərəkatının təşəbbüs qrupları üçün imza topladığına görə saxlanan Azər Nağıyev polisə verdiyi ifadədən imtina etməsilə bağlı MSK-ya və DSK-ya məktub göndərib.

Azər Nağıyev bildirir ki, polisdəki ifadəni ondan basqı altında alıblar. Bu barədə «Azadlıq» radiosuna o, özü məlumat verib.

Yaşadığı ərazinin sahə müvəkkili isə onu yanvarın 26-da partiya bileti və iş yerindən arayışla yenidən polis bölməsinə çağırıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Ehsan Zahidov bildirir ki, Sumqayıtda saxlanılan şəxslər imza toplayarkən qeyri-qanuni hərəkətlərə yol veriblər. Bundan narazı qalan vətəndaşların müraciətinə əsasən polis işə qarışıb.

MSK üzvü Akif Qurbanov isə deyir ki, qanun referendumla bağlı məsələyə hər hansı dövlət orqanının və ya vəzifəli şəxsin müdaxiləsini qadağan edir.