Enn Ders: «Bu radiolar Azərbaycana lazımdır»

«Ümid edək ki, çıxış yolu tapılacaq, hər şey yaxşı olacaq. Çalışaq ki, hələlik pis şey barədə fikirləşməyək»

«Xarici radioların efirinin bərpası ABŞ-ın yeni hökumətinə yaxşı siqnal olar və xarici radioların FM-dən çıxarılmasının mənfi fəsadlarını aradan qaldırar» -, Amerikanın Azərbaycandakı səfiri Enn Ders yanvarın 26-da keçirdiyi mətbuat konfransında belə deyib.

Xarici radiostansiyaların efirinin kəsilməsi xəbərini Vaşinqtonda, Ağ Evdə, Konqresdə həmkarlarımla danışıqlar apararkən eşitdim və bundan çox məyus oldum. Bu, gözlənilməz bir xəbər idi, çünki radiostansiyaların fəaliyyətinə müdaxilə olunurdu:

«Ən çox ona görə məyus olmuşdum ki, Birləşmiş Ştatlar bu problemin həllində texniki və hüquqi köməyi göstərməyə hazır olduğunu bəyan etmişdi. Digər tərəfdən, bu radiostansiyaların media mühitinin, mətbuatın inkişafına göstərdiyi təsirə görə çox məyus olmuşdum. Vaşinqtonda əksər dairələrdə - bu xəbər mənfi reaksiya doğurmuşdu».

Xanım Ders deyir ki, Azərbaycanda xeyli adam bu radioya qulaq asırdı, bu radiolar hökumət, müxalifət təmsilçilərinin, müstəqil ekspertlərin iştirakıyla maraqlı tok-şoular təşkil edirdilər.

Səfir deyir ki, Birləşmiş Ştatlar qanunun aliliyini təmin edən ölkədir, hüquqi məsələlərin çözülməsinə görə hökumətə yardım təklif edilmişdi.

«Təəssüf ki, bu məsələ yeni hökumətin nəzərinə çatdırılan ilk xəbərlərdən olacaq. Ancaq biz konstruktiv yolla işləməyə hazırıq. Bizcə, hazırda, Azərbaycan çox mühüm milli məsələlərlə üz-üzə duran bir vaxtda, bu radiolar FM-ə qayıtmalıdır».

«Biz Azərbaycan hökumətindən belə başa düşdük ki, yerli qanunlar hökumətlərarası müqavilə əsasında FM-də yayıma imkan verə bilər. Bizim təklifimiz də bundan ibarət idi. Bizim Yayım Şuramız hökumətlərarası müqavilə üzrə danışıqlara başlamaqda maraqlı olduğunu bildirib, təbii ki, Azərbaycan tezliklə danışıqlara başlaya bilərik».

Səfir variantların çox olduğunu bildirir: «Əsas məsələ odur ki, hər iki tərəfdə məsələnin konstruktiv həlli üçün xoş niyyət varmı? ABŞ hökuməti hökumətlərarası müqavilə əsasında bu radioları efirə qaytarmaq üzrə danışıqlara marağını ifadə edib. Biz ümid edirik ki, Azərbaycan hökuməti yayımın bərpası üçün yol tapacaq. İndi bu radiolar Azərbaycana lazımdır».

Milli Teleradio Şurası bu ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını dayandırıb. Şura xarici radioların milli tezlikdə yayımlanmasının qanuna zidd olduğunu bildirir.

Konstitusiya dəyişiklikləri bağlı keçiriləcək referenduma toxunan səfir deyib:

«Bu barədə onu demək istəyirəm ki, ancaq Azərbaycan xalqı özü dəyişikliklər barədə qərar verməlidir. Bu dəyişiklik olsun, ya yox, buna da xalqın özü qərar verməlidir. Dəyişikliklərin mahiyyəti barədə bir söz demək istəmirəm. Ancaq Azərbaycanın demokratik inkişafında maraqlı olan beynəlxalq tərəfdaşlar üçün bu prosesin özü çox mühümdür».

Enn Ders bildirir ki, dəyişikliklər barədə yaxşı məlumat almaq üçün xalqın debatlara ehtiyacı var: «Dəyişikliklərin tərəfdarları və əleyhdarları öz arqumentlərini əsaslandırmalıdırlar, xalq da qərarını verməlidir. Azərbaycan xalqı da öz seçimi barədə qərarını verməlidir. O da mühümdür ki, vətəndaşlara sərbəst toplaşma azadlığına, fikirlərinə ifadə etməyə imkan verilməlidir».

Diplomat müxalifətin təşəbbüs qrupları üzvlərinin imza toplamaq işində təzyiqlərlə rastlaşmaları məsələsinə də münasibət bildirib:

«Bəzi məlumatlara görə, hakimiyyət təmsilçiləri təşəbbüs qrupları yaratmaq üçün imza toplayanların işinə müdaxilə edir. Hökumət Əsas Qanununa əsaslı dəyişikliklər etmək istəyirsə, bunu xalqın iştirakıyla etmək lazımdır. Cəmiyyət ədalətli və şəffaf prosesdə iştirak etməlidir. Biz ümid edirik ki, hökumət müdaxiləylə bağlı bütün halları araşdıracaq».

Xanım Ders Amerikanın yeni adminstrasiyasının Cənubi Qafqazla bağlı siyasətinə də toxunub: «ABŞ-ın yeni hökumətinin Cənubi Qafqaz üzrə siyasətinin detalları barədə hələlik məndə məlumat yoxdur. Ancaq bəlli olan odur ki, enerji təhlükəsizliyi mühüm məsələ kimi qalır, terrorçuluqla mübarizə tərəfdaşlarla əməkdaşlığın əsas hissəsidir, Azərbaycanla da bu sahədə iş gedəcək». Barak Obamanın senator Riçard Luqarla birlikdə Azərbaycanda olduğuna toxunan diplomat Amerika-Azərbaycan münasibətlərini möhkəmləndirmək üçün yaxşı əsas olduğunu bildirib.

Rusiyanın Ermənistana silah satması barədə məlumatları mediadan eşitdiyini söyləyən səfir bəyan edir ki, «ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Mİnsk qrupunda iştirak edir. Və bu prosesi poza biləcək istənilən hərəkətə qarşı çıxacaq».

Səfir jurnalistlərin suallarını cavablandırarkən onu da bildirib ki, Rusiya-Ukrayna arasındakı qaz mübahisəsi Azərbaycanın tranzit ölkə kimi rolunu da göstərdi: «Amerikanın yeni hökuməti üçün enerji təhlükəsizliyi mühümdür və biz Azərbaycanla bu sahədə işləyəcəyik».