AXCP-çi: «Ağlagəlməz təzyiqlər göstərilir»

Səttar Şahlarov

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Azər Nağı MSK və DSK sədrlərinə müraciət ünvanlayıb. Müxalifətçi iddia edir ki, 18 mart referendumu ilə bağlı təşviqat qruplarının yaradılması üçün vətəndaşlardan imza toplayarkən sahə müvəkkili onu polis bölməsinə aparıb və burada ondan basqı altında imzaları vətəndaşlardan aldatma yolu ilə alması haqqında saxta izahat alınıb. Müxalifətçi basqı altında alındığı üçün ifadəsindən imtina etdiyini deyir.

Müsavat Partiyasının üzvü Saleh Sultanov isə analoji hadisələrin Zaqatalada da baş verdiyini bildirir. Onun sözlərinə görə, indi polis həm imza toplayanlara, həm də imza verənlərə kütləvi basqılara başlayıb. Göstəriş isə müxalifətçinin dediyinə görə, icra hakimiyyətindən gəlib:

- Vətəndaşlar qorxur və imza vermək istəmir. Elə insanlar var ki, imza verib, indi təzyiq edirlər deyə, adının silinməsini istəyir. İş yerlərində vətəndaşlara daha çox basqı var. Məktəb direktoru deyir, kəndin icra nümayəndəsi deyir, bələdiyyə işçisi deyir. Son bir neçə gündə İcra Hakimiyyətindən verilən tapşırıq əsasında bütün kəndlərdə müxalifətçilərə imza toplamağa imkan verilməməsi üçün təbliğat aparılır.

Sabirabad rayonunda isə artıq müxalifətin təşviqat qrupunun yaradılması üçün imza toplayan iki şəxs haqqında narkotik daşımaqla bağlı cinayət işi qaldırılıb. AXCP-nin yerli bölməsinin sədri Səttar Şahlarov deyir ki, vətəndaşlara ağlagəlməz təzyiqlər göstərilir:

Sabirabadda həbs olunan AXCP fəalları - Mövsüm Əsgərov və Rövşən Sadıqov
- İmza verən şəxsləri polisə aparıblar. Onlardan imza alıblar ki, guya müxalifətçilər onları aldadaraq imza alıb. Bəziləri ifadə verib ki, biz müxalifətin təşviqat qrupunun yaradılması üçün deyil, bankdan kredit alınması üçün imza vermişik. İmza atılan blanklar MSK-nın möhurlü blanklarıdır. Orada hər şey açıq-aydın yazılıb. Ona görə də vətəndaşlar təşvişə düşüb. Polis bir neçə vətəndaşa deyib ki, imzandan imtina etməsən arvadını polis idarəsinə çağıracağıq. İcra nümayəndələri müxalifətçilərə açıq şəkildə bildiriblər ki, bu işi davam etdirsəz, evinizi yandıracağıq, özünüzü də narkotik maddə ilə tutduracağıq.

Hər üç rayonun icra hakimiyyətlərinə gün ərzində dəfələrlə zəng vursaq da, suallarımıza cavab ala bilmədik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, polisin hərəkətlərində heç bir qanunsuz məqam yoxdur:

- Referendumla bağlı qanuni iş görən heç bir vətəndaşa polis maneçilik törətmir. Sumqayıtda müxalifətçilər vətəndaşları aldadıb imza toplayırdılar. İki Sumqayıt sakininin şikayəti əsasında onlar saxlanıb. Sabirabadda saxlanan şəxslər ictimai asayişi pozduqlarına görə, polis bölməsinə gətirilib və bölmədə onların üzərindən narkotik maddə tapılıb. Burda qanunsuz nə var?

Azərbaycan qanunları polisin siyasi proseslərə qarışmasına imkan vermədiyindən polisin belə addımları cinayət tərkibi yaradır. Vəkil Elçin Sadıqov belə deyir. Onun sözlərinə görə, inzibati qurumların vətəndaşların öz iradələrini sərbəst ifadə etməsinə qanunsuz müdaxiləsi birmənalı olaraq repressiv tədbirlər kimi dəyərləndirilməlidir:

- Azərbaycan qanunlarına görə, polis siyasətə qarışmamalıdır. Azərbaycandakı sistemlər isə qanunların həyata keçirilməsinə imkan vermir. Buna görə də polis qanunları tapdalayanda onlar cəzasız qalırlar.

Günün sonunda isə bəlli oldu ki, müxalifətin təşviqat qrupunun yaradılması üçün imza topladığına görə, bir neçə gün öncə polisə çağırılan müsavatçı Fəxrəddin Abbasov yanvarın 27-də imza vərəqələri ilə bərabər Sumqayıt Şəhər Prokurorluğuna çağırılıb.