Nazirlər Sürixdə görüşüblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri: Elmar Məmmədyarov, Edvard Nalbandyan

Yanvarın 27-də Sürixdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
Nazirlər həmsədrlərin regiona son səfərinin nəticələrini, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin nəzərdə tutulan görüşünü müzakirə ediblər.
Diplomatik mənbələrdən isə «Turan»a bəlli olub ki, nazirlərin ikitərəfli görüşlərinə qədər ayrı-ayrılıqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüşləri olub.

Yanvarın 28-də İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müzakirələr aparılacaq.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza APA-ya müsahibəsində deyib ki, prezidentlərin ciddi danışıqlar aparacağını, amma hələ ki konkret nəticə əldə olunmayacağını gözləyir.