«Uydurma qəhrəmanların abidələrini məhv etmək olmaz»

Mir Teymur

Dinlə

«Bakının memarlıq abidələrini peşəkar kimi qorumurlar»-, bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına tanınmış rəssam-heykəltəraş Mir Teymur deyib. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində memarlıq abidəsini dağıtmırlar, əksinə, göz bəbəyi kimi qoruyurlar:

«Azərbaycanda o qədər abidələr dağıdılıb ki... Məsələn, götürək XI Qızıl Ordunun şərəfinə ucaldılan abidəni. Düzdür, bu ordu işğalçı olub, qan töküb, bizə zərər verib. Amma heykəlin nə günahı var? Çox gözəl üslubda işlənmişdi, 7 il ərzində Sankt-Peterburqda bürüncdən hazırlanmışdı. Fikrimcə, belə abidələrə məhz etmək düzgün deyil. Xüsusi park yaratmaq lazımdır - xatirə parkı. Bütün Avropada belə xatirə parkları var. Uydurma qəhrəmanların abidələrini də yığılmalıdır ora. Bu heykəllərin üzərində tanınmış memarlar əziyyət çəkiblər. Mən «xaltura» abidələrdən danışmıram, əsl sənət nümunələrini deyirəm. Bizdə bu abidələri dağıdırlar, bürünc kimi İran, Türkiyəyə satırlar».

Elşad Fərzəliyev
Metronun «İçərişəhər» stansiyasına yeni görünüşünə də münasibət bildirəm rəssam «o şüşə piramidanı tikdilər ki, guya qala divarları görünsün. Amma qeyri-peşəkar bir iş alındı. Metroya sıfırdan çıxış-giriş olmalıydı ki, qala divarlarının qabağı da açılaydı. Mən o piramidanı tikən tələbə-memara «2» qiymət verərdim».

«Bakı yaşıllıqdan məhrum olan bir şəhərdir»-bunu isə Azərbaycan Media Mərkəzinin icraçı direktoru Elşad Fərzəliyev dedi. Onun sözlərinə görə, Bakıda parkların sayı gün-gündən artır. Amma... «Parklar yalnız daşlardan ibarətdir. Parklarda ağac, yaşıllıq demək olar ki, yox dərəcəsindədir. Uşağı təmiz hava qəbul eləməyə hara aparaq? Axı hər yer daş, tozdur».

Bununla bağlı həyəcan təbili çaldıqlarını deyən Elşad Fərzəliyev bu gün «Keçmişin tarixi abidə simvollarından imtina etmək olarmı?» mövzusunda debatlar keçirdiklərini söylədi. Polemikaya tanınmış tarixçilər, memarlar, jurnalistlər, yerli QHT-lər qatılıblar.